AZ

Vergi ombudsmanı nədir və kimi, necə qoruyur?

Ombudsman – İsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.

Bundan başqa, beynəlxalq iqtisadi və hüquqi termində vergi ombudsmanı da mövcuddur ki, onun da əsas vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir. Vergi ombudsmanının formalaşdırılması ilk növbədə
vergi ödəyiciləri üçün etibarlı bir mühitin yaradılmasına təminat verir. Qeyd edək ki, İtaliya, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Avstraliya, Pakistan, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Kanada, Banqladeş kimi ölkələrdə vergi ombudsmanı və ya vergi ödəyicilərinin hüquqlarını müdafiə edən adekvat struktur fəaliyyət göstərir. Biznes mühitinə dəstək baxımından vergi ombudsmanının bir çox üstünlükləri mövcuddur.

Belə ki, bu qurumun formalaşdırılması ilk növbədə vergi ödəyiciləri üçün etibarlı bir mühitin yaradılmasına təminat verir. Çünki bu strukturun mahiyyətində sahibkarları vergi orqanlarının əsassız qərar və ya hərəkətlərindən qorumaq, mübahisəli vergi məsələlərində neytral vasitəçi rolunu oynamaq dayanır. Bundan başqa, o, vergi qanunvericiliyinin düzgün tətbiqinə nəzarət etməklə vergi orqanları ilə münasibətlərdə şəffaflıq və ədalətin təmin olunmasına töhfə verir. Vergi ombudsmanı xarici və yerli investorların vergi sisteminə olan inamını artırır. Bir qayda olaraq, hüquq-mühafizə və inzibati təzyiqlərin azalması investisiya cəlbediciliyini yüksəldir. Çünki o, sahibkarın məhkəməyə müraciət etmədən mübahisələri həll etməsinə imkan verir ki, bu da vaxt və maliyyə itkilərinin azalması deməkdir. Ombudsman fərdi şikayətləri ümumiləşdirərək, nöqsanların aradan qaldırılması üçün təkliflər verir və vergi sisteminin daha da təkmilləşdirilməsinə şərait yaradır. Eyni zamanda, sahibkarlara vergi hüququ, vergi öhdəlikləri və hüquqları ilə bağlı tövsiyə və məlumat verir. Bu isə vergi pozuntularının qarşısını alır və hüquqi savadlılığı artırır. Müraciətin ödənişsiz olması hüquqi xidmətlərə çıxışı məhdud olan şəxslər üçün böyük üstünlük yaradır.

Bu gün ölkəmizdə də vergi ombudsmanının fəaliyyəti genişlənir. Bu təsisat 2019-cu ildə yaradılıb. Onun əsas vəzifəsi vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində önləyici tədbirlərin görülməsi, vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkarlanması, əlverişli biznes mühitinin yaradılması istiqamətində təkliflərin hazırlanması və vergi proseslərinin səmərəli təşkilinə dair tövsiyələrin verilməsidir.

Bundan başqa , vergi ödəyiciləri ilə mütəmadi görüşlərin, sorğuların keçirilməsi və müraciətlərin təhlil edilməsi də vergi ombudsmanının əsas vəzifələrinə aiddir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytına istinadən demək olar ki, görülən işlərin effektivliyini təmin etmək üçün nəzarət mexanizmi də mövcuddur. Bu xüsusda, ombudsmana ünvanlanmış müraciətlərin icrasına nəzarət, iş proseslərinin keyfiyyətinin monitorinqi, keyfiyyətin monitorinqi nəticəsində fəaliyyətin daha səmərəli və vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində təşkilinə dair təkliflər və ya tövsiyələrin hazırlanması həyata keçirilir.

Xüsusilə, sahibkarların üzləşdiyi məsələləri dinləmək və irəli sürdükləri təkliflərlə tanış olmaq, göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı aktual məsələləri müəyyənləşdirmək üçün vergi ödəyiciləri ilə sistemli görüşlər keçirilir. İndiyədək Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan, Ordubad və Şəmkir şəhərlərində belə görüşlər təşkil edilib. Vergi ödəyiciləri ombudsmana elektron formada da müraciət edə bilərlər. Bunun üçün Dövlət Vergi Xidmətinin saytında müvafiq bölmə istifadəyə verilib.

Önəmli haldır ki, vergi ödəyiciləri qarşılaşdıqları məsələlərlə və hətta ən ciddi problemlərlə əlaqədar vergi ombudsmanına birbaşa müraciət ünvanlaya bilərlər. Ən əsası isə odur ki, Vergi Ombudsmanının fəaliyyətində şəffaflıq və hesabatlılıq diqqətdə saxlanılır. Yəni, davamlı olaraq görülmüş işlərin nəticələri barədə ictimaiyyət məlumatlandırılır. Bir sözlə, vergi ombudsmanının fəaliyyəti  sahibkarlar üçün həm hüquqi məsləhət alınması, həm də mübahisəli məqamların aradan qaldırılması üçün geniş imkanlar yaradır.  Nəticədə ölkənin biznes mühitində səmərəlilik və şəffaflıq daha da genişlənir.

Elçin Zaman, «İki sahil»

Seçilən
19
ikisahil.az

1Mənbələr