AZ

“Bank Respublika”nın kredit portfeli 54 milyon manata yaxın böyüyüb

30 iyun 2025-ci il tarixinə “Bank Respublika”nın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 1 milyard 525 milyon 724 min manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, 2024-cü ilin sonu ilə müqayisədə 53 milyon 837 min manat və ya 3,7% artım deməkdir.

Kredit portfelinin əsas hissəsini – 1 milyard 33 milyon 704 min manatını biznes kreditləri təşkil edib. İlin əvvəlindən biznes kreditləri 20 milyon 343 min manat və ya 2,0% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 20 milyon 269 min manat və ya 6,5% artaraq 332 milyon 535 min manata çatıb. Daşınmaz əmlak kreditləri isə 13 milyon 225 min manat və ya 9,0% artaraq 159 milyon 484 min manat olub.

Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 8 milyon 538 min manat təşkil edib. Nəticədə bankın xalis kredit portfeli 1 milyard 517 milyon 186 min manata bərabər olub ki, bu da ilin əvvəli ilə müqayisədə 51 milyon 916 min manat və ya 3,5% artım deməkdir.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 1 milyard 471 milyon 887 min manat, xalis kredit portfeli isə 1 milyard 465 milyon 270 min manat olmuşdu.

Seçilən
5
1
fed.az

2Mənbələr