Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər:
"Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir".
Əlavə olaraq məlumatda qeyd edilib ki, uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq:
"Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib",- DTSERA-dan bildirilib.