AZ

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.

Ölkə.Az "Report"a istinadən xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib.

O qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüblər.

Zərərçəkmiş şəxs həyat yoldaşının döyüşlərdə iştirak etdiyini, ermənilərin onun qətli üçün pul mükafatı ayırdığını bildirib: “Həyat yoldaşımın başını kəsdilər. On yaşlı qızımı ikinci mərtəbədən atdılar, ayağı sındı. Bizə girovluqda çoxlu əzab-əziyyət verdilər”.

Rəhilə Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Seçilən
34
38
olke.az

10Mənbələr