AZ

Humanitar sahələri əhatə edən Suriya - Azərbaycan işçi qrupunun onlayn formatda ilk iclası olub

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də humanitar sahələri əhatə edən Suriya - Azərbaycan işçi qrupunun onlayn formatda ilk iclası olub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə elm və təhsil nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya - Azərbaycan işçi qrupunun rəhbəri Kənan Kərimzadə, Azərbaycan tərəfindən işçi qrupunun üzvləri, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov, həmçinin Suriya Ərəb Respublikasının ali təhsil və elmi araşdırmalar nazirinin müavini, humanitar sahələri əhatə edən Suriya–Azərbaycan işçi qrupunun rəhbəri Ğeys Varqouzeq və Suriya tərəfindən işçi qrupunun üzvləri iştirak ediblər.

Görüş çərçivəsində iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, habelə suriyalı tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alma imkanlarının araşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, mayın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərliyi ilə Suriya Ərəb Respublikasına təşkil olunmuş rəsmi səfərin nəticəsi olaraq iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə humanitar sahələri əhatə edən Suriya - Azərbaycan işçi qrupunun yaradılması barədə qərar qəbul edilmişdi.

 

Seçilən
12
16
azertag.az

10Mənbələr