ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş mövzusu beynəlxalq gündəmin ən çox müzakirə olunan məsələlərindən biridir. Müharibənin davam etdiyi, tərəflərin sərt ritorikanı qoruduğu bir vaxtda belə bir görüşün baş tutub-tutmayacağı, baş tutsa belə hansı nəticəni verəcəyi ciddi suallar doğurur. Bir tərəfdən Moskva və Kiyev arasında dərin etimadsızlıq hökm sürür, digər tərəfdən isə Qərb dövlətlərinin mövqeyi və vasitəçilik cəhdləri prosesə təsir göstərir.
Putin-Zelenski görüşü baş tutacaqmı? Alınsa, nəticə nə olacaq?
Globalifo.az-a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, əgər Putinlə Zelenskinin görüşü baş tutarsa, Rusiya-Ukrayna münasibətlərində nəzərəçarpan dəyişikliklərin olması ehtimalı artacaq:
“İndiyədək Putin və Zelenski bir-birinə qarşı kifayət qədər sərt mövqedən çıxış ediblər. Hər iki tərəf danışıqlar aparmaq və saziş imzalamağa hazır olmadıqlarını bəyan edib, qarşı tərəfin legitimliyini tanımayıblar. Hətta Ukraynada qəbul olunan qanuna görə, Zelenski hakimiyyətdə olduğu müddətdə Putinlə danışıqlar aparmaq və hər hansı sənəd imzalamaq mümkün deyil. Rusiya prezidenti dəfələrlə Zelenskini qeyri-legitim adlandıraraq onunla dialoqa getməyəcəyini vurğulayıb.
Həmçinin oxuyun:
30 minlik ordu Ukraynaya daxil ola bilər – Yeni plan
Aydın Quliyev
Əgər hər iki lider birdən-birə üz-üzə oturub danışıqlar aparsa, bu, müharibənin bitirilməsi istiqamətində mövqelərin müəyyən qədər dəyişdiyini göstərəcək. Lakin hazırkı vəziyyətdə belə bir dialoq real görünmür. Onların insani münasibətləri və siyasi baxışları çox kəskin və ziddiyyətlidir. Buna görə də belə bir perspektivi təsəvvür etmək çətindir. Əvəzində Donald Trampın iştirakı ilə üçtərəfli görüşün baş tutması daha mümkün sayılır.
Rusiya birbaşa sülh müqaviləsinin imzalanmasında israr edir, Ukrayna isə əvvəlcə atəşkəs razılaşmasının əldə olunmasını, ardınca sülh müqaviləsinin bağlanmasını istəyir. Dünya praktikasında da ikinci modelin daha çox işlək olduğunu görmüşük.
Ümumiləşdirsək, Putinlə Zelenskinin təkbətək görüşü böyük ehtimalla nəticəsiz qalacaq. Hətta müəyyən gərginliklərin yaşanması da istisna deyil. Belə bir görüş yalnız hər iki tərəfin ehtiyat etdiyi Donald Trampın iştirakı ilə mümkün ola bilər. Prinsipial razılaşma ehtimalı isə çox zəifdir”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.