BAKI, TurkicWorld, Səməd Əyyubov
Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası göndərib.
TurkicWorld xəbər verir ki, bu barədə məlumat Nazirliyin rəsmi saytında dərc olunub.
Sənəddə Polşa hakimiyyəti Rusiyanı qəsdən təxribat törətməkdə və Polşanın suverenliyinə hörmətlə yanaşmaq öhdəliklərini pozmaqda ittiham edib.
Xatırladaq ki, avqustun 20-də yerli vaxtla saat 02:00 radələrində (Bakı vaxtı ilə 04:00) Polşanın Lublin voyevodalığının Osini kəndində qarğıdalı sahəsində partlayış baş verib. Partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrinin sınmasına səbəb olub, lakin xəsarət alan olmayıb.
Regional prokurorluğun nümayəndəsi bildirib ki, hazırda istintaq aparılır və həmin əraziyə düşən PUA-nın istehsalçısı və tipi müəyyən edilməyib. Bununla belə, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş hadisəyə münasibət bildirərək, PUA-nın Rusiyaya məxsus olduğunu qeyd edib.