AZ

Bakıda “ağıllı yol” texnologiyalarının tətbiqi böyük zərurətə çevrilir


Müasir dövrdə şəhərlərin sürətlə böyüməsi, avtomobil sayının artması və yol təhlükəsizliyi ilə bağlı çağırışlar yeni yanaşmaları zəruri edir. Ənənəvi yol infrastrukturunun imkanları artıq kifayət etmir, çünki nəqliyyat axınını idarə etmək, qəzalara qarşı mübarizə aparmaq və ekoloji yüklənməni azaltmaq üçün daha çevik və texnoloji həllərə ehtiyac var.

Bu baxımdan “ağıllı yol” texnologiyaları son illərin ən aktual innovasiya istiqamətlərindən biri kimi ön plana çıxır. Ölkəmizdə xüsusən paytaxt Bakıda buna ciddi ehtiyac var.

Paytaxt rəqəmsal texnologiyalar sayəsində tıxac problemindən xilas ola bilər

Məlumdur ki, Azərbaycanda rabitə və internet şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirilir. Fiber-optik xətlər çəkilir, mobil operatorlar 4G texnologiyasını genişləndirir. Eyni zamanda, transmilli internet magistralları üzərindən Azərbaycanın beynəlxalq trafik imkanları artırılır. Bu, ölkənin regional “rəqəmsal qovşağa” çevrilməsinə xidmət edir.

Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri rəqəmsal iqtisadiyyatın qurulmasıdır. Bu, yalnız rabitə və informasiya sahəsini deyil, sənaye, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələri də əhatə edir. Rəqəmsal texnologiyaların tətbiqi məhsuldarlığı artıracaq, xərcləri azaldacaq və beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində atılan bu addımlar “ağıllı yol” texnologiyalarından istifadənin mümkünlüyünü də ilk növbədə Bakıda zərurətə çevirir.“Ağıllı yol” dedikdə rəqəmsal texnologiyaların, sensorların, süni intellektin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inteqrasiyası ilə formalaşan yeni nəqliyyat infrastrukturu nəzərdə tutulur. Belə yollar yalnız avtomobillərin hərəkəti üçün fiziki məkan deyil, həm də real vaxtda məlumat toplayan, təhlil edən və sürücülərə ötürən “canlı” sistemlərdir. Onun asas funksiyaları bunlardır: Tıxacların idarə olunması. “Ağıllı yollar” üzərində quraşdırılan sensorlar və kameralar vasitəsilə hərəkət sıxlığı ölçülür, bu məlumatlar süni intellekt sistemlərinə ötürülür. Nəticədə alternativ marşrutlar təklif olunur və yol nişanları üzərində dinamik göstərişlər verilir. Yol təhlükəsizliyi. Hərəkət sürətini, hava şəraitini və yol səthinin vəziyyətini ölçən sistemlər sürücüləri vaxtında xəbərdar edir. Bu da qəza risklərini minimuma endirir. Ekoloji səmərəlilik.“Ağıllı yol” texnologiyaları elektrik avtomobilləri üçün enerji yükləmə funksiyasına malik ola bilər. Məsələn, xüsusi maqnitli örtüklər vasitəsilə hərəkət zamanı avtomobillərin batareyaları doldurulur. Avtomatlaşdırılmış nəqliyyat üçün şərait. Avtonom avtomobillərin təhlükəsiz hərəkəti üçün yollarla davamlı informasiya mübadiləsi aparılır. Beləliklə, sürücüsüz maşınlar daha etibarlı və səmərəli şəkildə idarə olunur. Dünyada belə yolların tətbiq nümunələri də az deyil.Məsələn, Çində bəzi magistral yollarda sensorlu asfalt örtüyü və 5G əsaslı idarəetmə sistemi quraşdırılıb. Niderlandda günəş enerjisi ilə işləyən yol nişanları və gecə işıq saçan fosforlu xətlər tətbiq edilir. ABŞ və Almaniyada isə elektrik avtomobillərinin hərəkət zamanı batareyalarını doldura biləcəyi eksperimental yollar yaradılıb.

Ekoloji təhlükəsizlik və insan həyatının qorunması baxımından mühüm amil…

Qeyd edək ki, Azərbaycanda son illər nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Xüsusilə Bakı şəhərində artan avtomobil sıxlığı, regionlararası magistralların genişlənməsi və tranzit potensialının yüksəlməsi “ağıllı yol” texnologiyalarının tətbiqini aktuallaşdırır. Bu sistemlərin istifadəsi tıxacların azaldılmasına, yol-nəqliyyat hadisələrinin minimuma endirilməsinə, ekoloji yüklənmənin azalmasına, həmçinin beynəlxalq tranzit marşrutlarında səmərəliliyin artırılmasına xidmət edə bilər. Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də qeyd edir ki, son dövrlərdə müxtəlif sahələrdə süni intellekt, yeni texnologiyalar tətbiq olunur: “Ağıllı sistemlər”in nəqliyyat sektorunda tətbiqi ilə çox yüksək nəticələr əldə etmək mümkündür. Məsələn, tıxacların aradan qaldırmasında, ümumiyyətlə, nəqliyyat sahəsində idarə etmədə bu mexanizmin tətbiqi yüksək nəticələr əldə etməyə imkan verir. Buraya əsasən rəqəmsal kameraların tətbiq edilməsi daxildir”. Onun sözlərinə görə, Azərbaycanda sadalanan texnologiyalar var və daha da inkişaf etdirilir: “Düzdür, bu, yollardakı sıxlığa, tıxaclara bir o qədər də nəzərə çarpacaq dərəcədə təsir etmir, amma onların müəyyən qədər təsir qüvvəsi, müsbət tərəfi var. Bundan başqa, startaplarda bunu tətbiq etməklə yeni texnologiyalar yaratmaq, yeni üstünlüklər əldə etmək mümkündür. Həmçinin bu sahədə yeni texnologiyaların inkişafını tətbiq etmək və yeni müasir təcrübələrin araşdırılması, ölkəyə gətirilməsi və ölkədə tətbiqi mühüm amillərdəndir”.

Ekspertlərin fikrincə, yaxın 20 ildə “ağıllı yollar” dünyada geniş yayılacaq və ənənəvi infrastrukturun yerini tutacaq. Azərbaycanda isə Zəngəzur dəhlizi, Bakı–Tiflis–Qars dəmir yolu və Bakı limanı ilə bağlı iri layihələr fonunda belə texnologiyaların tətbiqi regional logistika mərkəzi kimi mövqelərimizi daha da gücləndirə bilər. “Ağıllı yol” texnologiyaları təkcə nəqliyyat infrastrukturunun modernləşdirilməsi deyil, həm də ölkələrin iqtisadi inkişafı, ekoloji təhlükəsizlik və insan həyatının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sistemlərin tətbiqi yaxın gələcəkdə şəhərlərin “ağıllı şəhər” modelinə keçidini sürətləndirəcək və həyat keyfiyyətini yüksəldəcək. Burada o da nəzərə alınmalıdır ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin modernləşmə siyasətinin mühüm tərkib hissəsidir. Bu sahədə atılan addımlar Azərbaycanın beynəlxalq imicini gücləndirir, qeyri-neft sektorunun inkişafına təkan verir və rəqəmsal gələcəyin formalaşdırılmasına xidmət edir. Qarşıdakı illərdə İKT-nin müxtəlif sahələrdə daha da genişləndirilməsi Azərbaycanı regionun aparıcı rəqəmsal mərkəzinə çevirə bilər.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
66
baki-xeber.com

1Mənbələr