AZ

Təhsil kreditində yenilik:bal həddi endirildi

Orta ixtisas müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qəbul olub təhsil tələbə krediti almaq istəyənlər üçün minimal bal həddi 40 bal müəyyən edilib. Bununla bağlı qərar Təhsil Tələbə Krediti Fondunun (TTKF) Himayəçilik Şurasında qəbul edilib. 

Gundem.az-ın məlumatına görə, Fondun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova “Azərbaycan müəllimi”nə bildirib ki, qərara əsasən, birinci tədris ilinin ilk semestrində təhsil krediti götürmək üçün tələbə qəbul imtahanında ən azı 40 bal toplamalıdır. Sonrakı semestrlərdə isə tələbənin orta müvəffəqiyyət göstəriciləri nəzərə alınır. 

Yenilik 2025-2026-cı tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə qəbul olanlara şamil edilir.

G.Zeynalova əlavə edib ki, əvvəllər bal həddi bütün ixtisaslarda eyni olub: “Məlumdur ki, orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün abituriyentin topladığı balın minimum həddi 110-dur. Yeni qərara əsasən, bu müəssisələrdə yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə minimal bal həddi 40 bal müəyyən edilib”.

G.Zeynalova yeni qərarı tələbələrin təhsil imkanlarını genişləndirilməsi kimi şərh edib: “Bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə bal limiti yoxdur”.

Seçilən
0
6
gundem.az

7Mənbələr