AZ

"Əsrin sirri: Viktorian evdə tapılan "zaman kapsulu" - "Newsweek"

"Pensilvaniyada gənc cütlük evlərinin divarından yüzillik sirr çıxarıb..."

ABŞ-ın Pensilvaniya ştatında 125 illik Viktorian üslublu ev alan gənc cütlük təmirdən gözlənilməz bir hədiyyə alıb.

Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.

Nəşr yazır ki, onlar evin divarlarından və pilləkənlərindən gizli "zaman kapsulu"nu aşkar edib. Demək olar ki, bir əsr boyunca gizlənmiş tarixi əşyalar yeni sahiblərinə ötürülüb.

Gözlənilməz alış və sirli tapıntı

30 yaşlı bloger və kontent yaradıcısı Nik Alkazar "TikTok" hesabında təmirdən kadrlar paylaşdıqdan sonra bu hekayə milyonlarla insana çatıb. Onun videosu qısa müddətdə 2, 2 milyondan çox baxış toplayıb.

Nik və tərəfdaşı evi, sadəcə elan şəkillərinə və keyfiyyətsiz videoya baxaraq, "zarafat kimi ucuz qiymət"ə alıblar. Uzun müddət boş qalan ev cütlüyə demək olar ki, dəyərsiz bir məbləğə satılıb. Onlar Los-Ancelesdən köçərək sakit həyat arzusu ilə Pensilvaniyada məskunlaşıblar. Nik etiraf edir: "Mən həmişə qədim Viktorian evinin sahibi olmağı xəyal edirdim. Bu, sanki cazibə kimi məni buraya çəkirdi".

Divardan çıxan "keçmişin məktubları"

Ən böyük sürpriz isə pilləkənlərin məhəccərində gizlənmiş kapsul olub. Əvvəlcə sadəcə köhnə "Ivory" sabun qablaşdırması görünüb. Lakin içərisində əsl xəzinə gizlənib: köhnə qəzet parçaları və sənədlər, konfet kağızları, uşaq rəsmləri, dostluq bilərziyi, parçalanmış kitabdan səhifə. Əşyaların üzərindəki qeydlər göstərib ki, onları 1920-ci illərdə Edel ailəsinin qızları - Lusi, Meqqi və Eleonora buraxıb.

Digər tapıntılar arasında 1940-50-ci illərin qəzet kəsimləri, toy fotoları, Müqəddəs Valentin gününə aid açıqcalar, qədim alətlər, yeddi qat müxtəlif dövrlərin divar kağızı, 1800-cü illərə aid şüşə konserv bankası və hətta zirzəmidə böyük bir ət bıçağı da olub.

Yeni ev sahiblərinin planları

Nik deyir ki, bu əşyaların bazar dəyəri az ola bilər, amma onlar üçün evin tarixini yaşadan qiymətli xatirələrdir:
"Biz bütün tapıntıları evin dekoruna qatmağı planlaşdırırıq. Burada yaşamış bütün ailələrin xatirəsini yaşatmaq istəyirik".

O, Viktorian evini gələcəkdə həm mistik, həm də tarixi atmosferi qoruyan bir məkana çevirmək arzusundadır:
"Təsəvvür edirəm ki, burası sanki qədim malikanədə yaşayan kaprizli bir sehrbazın evi olacaq", - o, zarafatla əlavə edir.

"Zaman kapsulları" harada və niyə gizlədilir?

Zaman kapsulu gələcək nəsillərə keçmişin nəfəsini çatdırmaq üçün xüsusi gizlədilən əşya və sənədlərin toplusudur. İnsanlar adətən onu evlərin divarlarında, binaların təməl daşlarında, məktəblərdə, kilsələrdə, hətta bağçalarda torpağın altında gizlədirlər. Məqsəd - illər sonra açılaraq həmin dövrün həyat tərzini, dəyərlərini və gündəlik məişətini göstərməkdir.

Ən məşhur nümunələr

ABŞ - Boston -  Massaçusets ştatında yerləşən 1795-ci il kapsulu ən qədim nümunələrdən biridir. İçindən qəpiklər, qəzetlər və tarixi sənədlər tapılıb.

Yaponiya - 1970-ci ildə Osaka Expo sərgisində iki 5 min illik kapsul qoyulub; biri 5000 ildən sonra, digəri isə daha tez açılmaq üçün nəzərdə tutulub.

Rusiya - SSRİ dövründə məktəblər və təşkilatlar tez-tez "XXI əsrə məktub" adlı kapsullar hazırlayır, onları 50 və ya 100 ildən sonra açmaq üçün gizlədirdilər.

Avropa ölkələri - çox vaxt şəhərlərin yubileylərində və ya böyük tikililərin açılışlarında kapsullar qoyulur.

Niyə zaman kapsulları qoyulur?

- Tarixi yaddaşı qorumaq - gündəlik əşyalar gələcəkdə qiymətli arxeoloji tapıntıya çevrilir.

- Xatirə yaratmaq - insan öz həyatından, cəmiyyətindən iz qoymaq istəyir.

- Mədəniyyətlərarası körpü - gələcək nəsillərə "biz kim idik: sualına cavab vermək üçün.

- Rəmzi mesaj - bir çox kapsullar ümid və birlik rəmzi kimi hazırlanır.

Ən maraqlı tərəfi odur ki, zaman kapsulu nə qədər sadə görünürsə görünsün, onun içindəki hər əşya gələcək üçün bir hekayə danışır. Məsələn, adi konfet kağızı belə həmin dövrdə hansı zövqlərin, hansı markaların populyar olduğunu göstərir.

Seçilən
34
moderator.az

1Mənbələr