AZ

“Allah qumarı niyə haram buyurub?- Boşanmalar, intiharlar, qətllər, oğurluq, dələduzluq, fahişəlik, sələm, rüşvət…”

“Mərc oyunları, qumar hər kəsin həmişə uduzduğu bir oyundur. Dərhal deyil, amma son nəticə adətən məhz belə olur. İnsan bir dəfə qalib gəlsə və onun üzərində dayansa belə, yenidən “zəfər”i təkrarlamağa cəlb olunacaq. Və qumarda qalib gəlmək üçün yeganə şans onu heç oynamamaqdır...”
 
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”(Quran, “Maidə”, 90-91)
 
“Nə yazıqlar ki, Allahın varlığına inanmayan, Onun Ədalətinə güvənməyənlər bu məqalədə yalnız o dünyada anlayacaqlar… Axirət günənədək hər kəs düşüncəsində və əməlində azaddır…”
 
Aktuallığını  nəzərə alıb psixoloq-məsləhətçi, "transaksiya təhlili" istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Qumarın - mərc oyunlarının zərərləri haqqında” məqaləsinin tərcüməsini dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
 
“Lüğətdə mərc, qumar “pul və ya digər maddi dəyərlər udmaq məqsədi daşıyan, uduşun tamamilə və ya böyük ölçüdə oyunçuların bacarığından deyil, şansdan asılı olduğu oyun” kimi tərif edilir. 
 
Əbu Ubeyd qumara belə tərif vermişdir: “Bu, riskli bir oyundur ki, komandalardan hansının digərlərinin malını alacağı bilinmir”.
 
Əl-Ba'li deyib: 
 
"Bu, qalibin məğlubdan alacağı əmlakdan ötrü istənilən bir oyunun adıdır." 
 
İmam İbn əl-Ərəbi isə demişdir: 
 
“Bu odur ki, bir nəfər başqasına hansısa əməl və ya sözdə yarışmağı təklif edər ki, qalib uduzmuş şəxsin malını alsın”. 
 
Qurani-Kərimdə Uca Allah buyurur: 
 
“(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”!..” (“əl-Bəqərə” surəsi, ayə 219).
Qumarın vurduğu ziyanlara aşağıdakılar aid edilə bilər: 
 
-Asanlıqla və tez pul qazanmaq imkanına görə işləməkdən, zəhmət çəkməkdən imtina. Ərəbcə qumar oyununu ifadə etmək üçün istifadə edilən “məysir” sözünün kökü məhz “asanlıq” mənasını verən “yusru”dur. Quranda onlara "məysir" deyirlər ki, bu oyunlar vasitəsilə başqasının varını asanlıqla ələ keçirə bilirsiniz; 
 
-Boşluq, əhli-keflik, faydalı fəaliyyət üçün marağın, motivasiyanın azalması, vaxt itkisi və avaraçılıq; 
 
-Qumardan asılılığın formalaşması. Kiçik bir oyun haram yolla daha çox qazanmağa can atmağa səbəb ola bilər.
Quran ayələrində şərab, büt və fal oxları ilə birlikdə qumardan da bəhs edilir. Həm uduzmaq, həm də qazanmaq insanı oyunu davam etdirməyə həvəsləndirir. Əgər uduzursa, o zaman uduzduğunu geri qazanmaq istəyi yaranır. Qalib gələrsə, tamah oyanar; 
 
-Qumar o qədər cəlbedicidir ki, insan öz öhdəliklərini unuda bilər: ailəsi, dostları, həmkarları, Uca Yaradan qarşısında. Namazı qəza edə, özünə aid olmayan malı itirə, ailəsini borca məhkum edə bilər. İnsan malını, pulunu, hörmətini itirməklə yanaşı, ailə üzvlərindən və ya yaxınlarından birinə görə mərc edib onları da qumarda uduzacaq qədər irəli gedə bilər. Bu əxlaqsızdır, lakin bu oyunun zərərini nəzərə alsaq - məntiqlidir, çünki qalib gəlmək istəyən insan sərhədləri, öhdəlikləri, mənəvi dəyərləri asanlıqla unudur; 
 
-Qumar müxtəlif digər günahları da təşviq edir, bunlardan əsasları dilin günahlarıdır: söyüş, qeybət, aldatma...
Qumarbaz aldada və xəyanət edə, öhdəliyi, müqaviləni poza və zülm edə bilər; 
 
-Qumar qeyri-iqtisadi fəaliyyət kimi təsnif edilir. Cəmiyyət mərc oyunlarıyla varlanmır, pul sadəcə əldən-ələ keçir. Məsələn, Britaniyada sakinlərin üçdə ikisi hər həftə lotereya biletləri alır, lotereya təşkilatçılarının gəliri 5 milyard funt-sterlinqi keçir və bu rəqəm ingilislərin çörək və ya kitaba xərclədiyindən çoxdur. Bütün bunlar iqtisadi inkişafın aşağı düşməsinə səbəb olur, çünki qumar heç bir şey gətirməyən fəaliyyətdir; qumar nikahları məhv edir, ailələri dağıdır, dostluq, ailə, işgüzar münasibətləri korlayır.
 
"Maidə" surəsinin 90-91-ci ayələrində Uca Yaradan bu barədə buyurur: 
 
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”
-Qumarbaz adam oğurluq edə, intihar edə, rüşvət verə və ya ala, sələmə və kreditə pul götürə, adam öldürə bilər və s.
 
Mərc oyunları, qumar hər kəsin həmişə uduzduğu bir oyundur. Dərhal deyil, amma son nəticə adətən məhz belə olur. İnsan bir dəfə qalib gəlsə və onun üzərində dayansa belə, yenidən “zəfər”i təkrarlamağa cəlb olunacaq. Və qumarda qalib gəlmək üçün yeganə şans onu heç oynamamaqdır...”
 
 
P.S. Nə yazıqlar ki, Allahın varlığına inanmayan, Onun Ədalətinə güvənməyənlər bu məqalədə yalnız o dünyada anlayacaqlar… Axirət günənədək hər kəs düşüncəsində və əməlində azaddır...
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
Seçilən
79
moderator.az

1Mənbələr