AZ

“Türkmənistan səfəri strateji tərəfdaşlığı daha da gücləndirəcək” -

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə 22 avqustda Türkmənistana işgüzar səfərə gedib. Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.Millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında iki ölkə arasında sürətlə inkişaf edən əlaqələri qiymətləndirərək bildirib ki, hazırda bu münasibətlər yeni bir mərhələyə daxil olub: “Bildiyiniz kimi, Türkmənistan əvvəlki dövrlərdə daha çox qapalı ölkə idi və digər dövlətlərlə o qədər də sıx əməkdaşlıq etmirdi. Həmin dövrlərdə Azərbaycanla münasibətlər də kifayət qədər məhdud idi. Lakin son illərdə əlaqələrin inkişafı məhz cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub və bu istiqamətdə Azərbaycan ardıcıl addımlar atır. Bir müddət əvvəl Türkmənistan prezidenti Azərbaycana səfər etmişdi. O, ən yüksək səviyyədə qarşılandı, görüşlər keçirildi, geniş fikir mübadiləsi aparıldı, Qarabağa səfər edildi və bir sıra mühüm sənədlər imzalandı. Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan–Türkmənistan münasibətləri yeni bir dövrə daxil olub, möhkəmlənib və güclənib”. Millət vəkilinin sözlərinə görə, hazırkı səfərin də əlaqələrin daha da inkişafına xidmət edəcəyi gözlənilir: “Görüşlərdə mühüm sənədlər müzakirə olunacaq və imzalanacaq. İki dost və qardaş ölkənin münasibətləri bundan sonra da güclənəcək və möhkəmlənəcək. Türkmənistanın həm Azərbaycanla, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa verdiyi töhfə və bu prosesdə fəal iştirakı da bu istiqamətdə mühüm rol oynayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
51
50
metbuat.az

10Mənbələr