Son zamanlarda Bakı-Moskva gərginliyi fonunda azərbaycanlı iş adamlarına qarşı təqiblərin başladıldığı və onların fəaliyyətinə maneə yaradıldığı bildirilir.
Baş verənlər fonunda Rusiyada məşhur azərbaycanlı bloger Hüseyn Həsənovun şirkətinin ləğv edilməsi də diqqət çəkir. Bu ölkədə çox sayda azərbaycanlı məşhurlar yaşayır, əsasən tanınan simalar isə müğənnilərdir.
İki ölkə arasındakı gərginlik fonunda iş adamları və məşhurlar vətənə qayıda, fəaliyyətlərini ölkəmizdə davam etdirə bilərlərmi? Bu, Azərbaycan iqtisadiyyatına necə təsir göstərər?
Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Bakı–Moskva gərginliyinin əsas səbəbkarı Rusiyadır:
“Azərbaycan bütün qonşuları ilə normal münasibətlərdə maraqlıdır, lakin gərginliyi artıran tərəf Moskvadır ki, bu da təəssüf doğurur. Lakin prosesin müəyyən həddə çatdıqdan sonra yumşalacağı ehtimalı yüksəkdir. Çünki hələlik hər iki dövlət başçısı məsələ ilə bağlı açıq mövqe ortaya qoymayıb və bu, manevr imkanları yaradır”.
Natiq Cəfərli
İqtisadçı qeyd edib ki, Rusiyada fəaliyyət göstərən iş adamları maddi baxımdan müxtəlif kateqoriyadadır:
“Sıralarında çox imkanlı olan şəxslər var ki, onlar üçün Azərbaycan bazarı kiçikdir və buna görə daha böyük bazarlara yönəlməyə çalışacaqlar. Hətta əksəriyyətinin bir neçə ölkə vətəndaşlığı var. Lakin məqsədimiz bu iş adamlarını Azərbaycanı da investisiya məkanı kimi nəzərdən keçirməyə təşviq etməkdir. Onların ölkəmizdə sərmayə qoyması, biznes qurması Azərbaycan iqtisadiyyatına əlavə impulslar və dividentlər gətirə, habelə yeni iş yerlərinin açılmasına şərait yarada bilər. Azərbaycan üçün belə investisiya axını həm ixrac imkanlarını genişləndirər, həm də regional iqtisadi mövqeyimizi möhkəmləndirər”.