AZ

MİQ-də təəssüratlar: Müəllim abituriyent səviyyəsində imtahan verməməlidir

Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıb.

AzEdu.az müsahibənin 2-ci günündə tarixi müəllimi Gülçin Əliyeva ilə danışıb.

O, müsahibə ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu il keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak etdim. Qeyd edim ki, 2024-2025-ci illərdə 1 il müddətində Ordubad rayon Düylün kənd tam orta məktəbində müddətli müqavilə ilə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Bu il daimi əsaslarla işləməyi planlaşdırıram.

Test imtahanı mərhələsindən 66 bal toplamışdım. Bu gün isə müsahibə mərhələsi keçirildi. Biz nə qədər də testdən keçsək də, hər müəllim şagird qarşısına çıxır. Buna görə də ünsiyyət qabiliyyətimizin ölçülməsi mühüm amil idi. Həmçinin psixoloji qavrama qabiliyyətimiz də yoxlanıldı ki, bu da doğru addımdır. Müsahibə mərhələsindən çox razı qaldım.

Tərtib edilmiş suallar məni tamamilə qane etdi. Bir müəllim olaraq abituriyent səviyyəsində imtahan verməli deyilik. Əksinə, daha yüksək səviyyədə olmalıdır. Müsahibədə ən yaddaqalan suallardan biri uşaqlar üçün müəllimlərin psixoloji səviyyəsi ilə bağlı oldu. Bir müəllim nə qədər səbrli və təmkinlidirsə, bir o qədər şagirdin qarşısına rahat şəkildə çıxa bilər.

Psixoloji suallar xüsusilə yaddaqalan idi. Suallardan biri belə idi: risk qrupuna daxil olan uşaqlar üçün hansı addımlar ata bilərsiniz? Hər bir şagirdi eyni səviyyədə görmək vacibdir.

Gələcəkdə MİQ müsahibəsində iştirak edəcək namizədlərə tövsiyəm odur ki, dünyagörüşü və kurikulum biliklərini artırsınlar".

Seçilən
4
azedu.az

1Mənbələr