AZ

“Trump administrasiyasının siyasəti bu məsələdə fərqlidir” - Elçin Xalidbəyli

“Prezident Trump-un NATO və Avropa Birliyinə münasibətdə tutduğu mövqe böyük ehtimalla müvəqqəti xarakter daşıyır. Bu mövqe yalnız Trump administrasiyasının hakimiyyətdə olduğu müddət ərzində davam edə bilər. Sonrakı ABŞ administrasiyaları tamamilə fərqli mövqedən çıxış edə bilər, çünki ABŞ-ın strateji hədəflərində NATO-nun möhkəmləndirilməsi və dünyada hegemon mövqeyin qorunması əsas yer tutur. Ağ Ev NATO-nu Amerika Birləşmiş Ştatlarının bir qurumu kimi görür və qərb ölkələrini məhz bu qurum vasitəsilə təsir dairəsində saxlamağa çalışır. Lakin Trump administrasiyasının siyasəti bu məsələdə fərqlidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trumpın Avropa liderlərinə qarşı sərt ritorikası və siyasi təzyiqləri transatlantik münasibətlərdə yeni gərginlik yaradıb. Trumpın NATO ölkələrinə “ABŞ-ın pulunu xərcləməyəcəyik” mesajı Avropanı təhlükəsizlik baxımından ABŞ-dan daha da asılı vəziyyətə gətirir. Analitiklər hesab edirlər ki, bu ritorika Avropa liderlərinə onların ABŞ-la eyni səviyyədə olmadığını xatırladır və onları Rusiya ilə təkbətək qalmağa məcbur edə bilər. Nəticədə NATO birliyində zəifləmə və Qərbin strateji mövqeyində çatlar yarana bilər.

Siyasi şərhçi qeyd edib ki, Prezident Trump-ın Avropaya və NATO-ya yönəlik siyasəti əsasən iqtisadi və ticarət prioritetlərinə əsaslanır.

“Birincisi, Trump NATO-nun maliyyə yükünü ABŞ-ın çiynindən ataraq Avropa ölkələrinin üzərinə yükləmək istəyir. Bu yolla ABŞ böyük xərclərdən qurtulmağı hədəfləyir. İkincisi, Trump administrasiyası hesab edir ki, ABŞ Avropaya deyil, Avropa ABŞ-a sərmayə və maliyyə yatırmalıdır. Bu məqsədlə Avropa Birliyi ilə imzalanan iqtisadi-ticarət anlaşmalarında ABŞ-ın maliyyə və iqtisadi maraqları ön plana çıxarılır. Son imzalanan razılaşma Avropa tərəfindən biabırçılıq kimi qəbul olunsa da, icra olunarsa, Avropadakı maliyyə axınının böyük hissəsi ABŞ-a yönələcək. Trump administrasiyası həmçinin Avropa Birliyini enerji, hərbi texnika və silah-sursat alımlarını ABŞ üzərindən həyata keçirməyə məcbur edir ki, bu da ABŞ üçün böyük gəlir deməkdir. Eyni zamanda Avropa şirkətləri ilk növbədə ABŞ-ın ərazisində sərmayə yatırmağa təşviq olunur, bu da Amerikanın iqtisadi inkişafını dəstəkləyir. Əsas məqsəd burada sərvət və maliyyə nəzarətidir. ABŞ-ın siyasəti Avropa Birliyinin maliyyə və iqtisadi resurslarını ABŞ-a yönəltməkdir və indiyə qədər atılan addımlar göstərir ki, Trump administrasiyası bu planda uğur qazanmağa başlayıb. Lakin administrasiya dəyişdikdən sonra bu proseslərin hansı istiqamətə yönələcəyi yalnız gələcəkdə məlum olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
3
aznews.az

1Mənbələr