AZ

Sülh prosesi irəliləyir, amma biz tarixi də heç zaman unutmayacağıq - RƏY

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə Ermənistandakı revanşist qüvvələrin müharibə çağırışlarına, təxribat niyyətində olanlara növbəti dəfə sərt xəbərdarlıq edib. Dövlət başçısı həmçinin qeyd edib ki, hazırda sülh prosesində ciddi dönüş olsa da, danışıqlar son mərhələyə gəlib çatsa da, Azərbaycan xalqı Ermənistanın cinayətlərini, vəhşiliklərini heç zaman unutmayacaq. Ölkə rəhbəri Azərbaycanın hərbi gücünü daim inkişaf etdirəcəyini, ayıq-sayıq olacağını da vurğulayıb: "Azərbaycan yeni döyüş təyyarələri üzrə kontraktlar bağlayıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. 

Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq". Prezident diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsindən sonra orduda xüsusi təyinatlı qüvvələrin say tərkibi artırılıb, komando qüvvələri yaradılıb: "Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq". 

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a  açıqlamasında deyib ki, cənab Prezident İlham Əliyev növbəti dəfə Ermənistan tərəfinə çox ciddi xəbərdarlıq etdi. Ekspert vurğulayıb ki, dövlət başçısı bundan sonra da istənilən təxribatçı addımların qarşısının qətiyyətlə alınacağını bildirdi: 

"Sülh prosesi irəli doğru gedir. Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir. Amma Ermənistan daxilində zaman-zaman radikal hərəkətlərin, revanşist çağırışların şahidi oluruq. Dövlət başçısı məhz həmin qruplara ciddi formada xəbərdarlıq etdi ki, onlar proseslərdən düzgün nəticə çıxarmalıdırlar. Əks halda vəziyyət ilk növbədə erməni tərəfi üçün çox mürəkkəb olacaq. Burada söhbət Ermənistandakı şovinistlərdən, revanşistlərdən, Azərbaycana qarşı düşmənçilik niyyəti güdənlərdən gedir. Əlbəttə, biz tarixi də heç zaman unutmayacağıq, erməni vəhşiliklərini yaddan çıxartmayacağıq. Gələcəyə baxmağı bacarmaqla yanaşı, keçmişimizi də gənc nəslə unutdurmamalıyıq, daim təbliğ etməliyik". 

Seçilən
5
1
sherg.az

2Mənbələr