AZ

Naxçıvanda forum keçirildi - FOTO

22 avqust 2025-ci il tarixində Naxçıvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə “XTQ veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı forum uğurla baş tutub.

Modern.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyədən olan qazi və şəhid ailələrinin iştirakı ilə həyata keçirilib.

Forum Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca tədbir çərçivəsində dövlət rəsmiləri, qazi və şəhid ailələrinin nümayəndələri çıxış edərək iki qardaş xalqın birliyinin, həmrəyliyinin və fədakarlığının əhəmiyyətini vurğuladılar.

XTQ Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxışında bildirdi ki, “Bu forum dövlətimizin dəstəyi ilə bizim birliyimizin səsini dünyaya çatdırmaq, şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq və qazilərimizin yanımızda olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır. Biz inanırıq ki, bu kimi tədbirlər gələcəkdə daha güclü həmrəylik və sosial dəstək mexanizmlərinin qurulmasına yol açacaq.”

Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğuladı ki, “Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Azərbaycan dövlətinin və xalqının gücünün əsas dayağıdır. Bu forum da həmin dəyərlərin yaşadılması üçün vacib addımdır. Biz onların qəhrəmanlığını yalnız xatırlamamalı, həm də gündəlik həyatımızda gənc nəslə ötürməliyik.”

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya qeyd etdi ki, “Türkiyə və Azərbaycan arasındakı qardaşlıq, xüsusən də şəhid ailələri və qazilərimizin birliyi üzərində daha da möhkəmlənir. Bu forum qardaş ölkələrimiz arasındakı sarsılmaz bağların bariz nümunəsidir.”

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirdi ki, “Bizim borcumuz şəhidlərin ailələrinə və qazilərimizə sahib çıxmaqdır. Onların fədakarlığı müstəqilliyimizin təminatıdır. Dövlət və cəmiyyət olaraq bu dəyərlərə sahib çıxmaq gələcək üçün ən böyük zəmanətdir.”

Naxçıvan qaziləri İB sədri, qazi Təbriz Zeynalov dedi ki, “Qazilər olaraq bu forumda iştirak etmək bizə güc və stimul verir. Bizim birliyimiz həmrəyliyimizdir və bu həmrəylik bizi hər zaman daha da möhkəmləndirir.”

Qars Şəhid və Qazilər Dərnəyinin başqanı Muhsin Ağçay çıxışında bildirdi ki, “Azərbaycan və Türkiyə şəhidlərinin qanı bu torpaqlarda qardaşlığımızı əbədi olaraq möhürləyib. Bu birlik gələcək nəsillərə miras qoyacağımız ən böyük dəyərdir.”

Şəhid Pəncəli Teymurovun anası Vahimə ana göz yaşları içində bildirdi ki, “Şəhid anaları olaraq qürurluyuq. Övladlarımızı Vətən üçün qurban verdik, bu birlik bizə təsəlli verir. Bizim acımız böyükdür, amma bu kimi tədbirlər o dərdi yüngülləşdirir.”

Naxçıvan Şəhid Ailələri İB sədri, şəhid atası Mais Gülməmmədov qeyd etdi ki, “Şəhid ailələrinin yanında olmaq, onların dərdini bölüşmək hamımızın mənəvi borcudur. Biz bu birliyi yaşatdıqca övladlarımızın xatirəsi də daim yaşayacaq.”

Ali Məclisin deputatı, şəhid qardaşı Üzeyir Məmmədov dedi ki, “Şəhid qardaşı olmaq məsuliyyətdir. Bu məsuliyyət bizi hər zaman xalqımıza xidmətə sövq edir və bu yolda fədakarlıqdan çəkinmirik.”

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Piri Nağıyev çıxışında qeyd etdi ki, “Mədəniyyət xalqın yaddaşı və ruhudur. Bu forum bir daha göstərir ki, şəhidlərimizin və qazilərimizin irsi yalnız tarixdə deyil, həm də mədəniyyətimizdə, gündəlik həyatımızda yaşayır. Biz mədəniyyət vasitəsilə həm onların xatirəsini yaşadır, həm də gələcək nəsillərə qəhrəmanlıq nümunəsini ötürürük.”

İki övladını Vətən uğrunda qurban verən şəhid anası Ziba xanım çıxışında bildirdi ki, “Mənim iki oğlum Vətən uğrunda canlarını fəda edib. Onların itkisi ağır dərd olsa da, Vətənimizin azadlığı və bütövlüyü üçün bu qurbanı verməkdən qürur duyuram. Bu kimi tədbirlər şəhid analarının səsini duyurur, dərdimizi paylaşır və bizə təsəlli verir. Mən bütün şəhid anaları adından bu birliyə görə təşəkkür edirəm.”

Türkiyə Müharibə Qaziləri Dərnəyi, Doğu Beyazit şöbəsinin sədri Rəsul İlhan bildirdi ki, “Bu forum həm qardaşlığımızın, həm də birgə gələcəyimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Qazilər olaraq bu birliyin davamlı olmasına dəstək verməyə hazırıq.”

Tədbir çərçivəsində plaketlərin təqdimatı, xatirə fotosu, mədəniyyət proqramı və nahar mərasimi təşkil olundu. Forum iştirakçılar arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin daha da gücləndirilməsi ilə yadda qaldı.

Məlumat üçün bildiririk ki, 23 avqust tarixində Azərbaycan və Türkiyədən olan şəhid və qazi ailələri üçün Naxçıvan şəhərinin mədəni abidələrinə infotur təşkil olunacaq.

Seçilən
14
5
modern.az

6Mənbələr