Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın elan etdiyi Rusiya-Ukrayna sülh danışıqları faktiki olaraq iflasa uğrayıb. Amma Vladimir Putin, böyük ehtimalla, bunu əvvəlcədən nəzərə alıb və onun hərəkət planı var.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində çalışmış hərbi kəşfiyyat analitiki Rebeka Koffler "The Telegraph”da yazıb.
Kofflerin fikrincə, Putinin məqsədi Trampı oyunda saxlamaq, onu məmnun etmək (heç olmasa, qəzəbləndirməmək) və bununla da ikinci dərəcəli sanksiyalar kimi mənfi nəticələri gecikdirməkdir. Bu zaman o, Ukraynanı təslim olmağa məcbur etmək üçün tükəndirici hərbi strategiyanı davam etdirir.
"Trampı idarə etmək üçün Putinin KQB-də casus şəbəkələrinin alqoritimlə idarəsinə dair peşəkarlığına, cüdo fəlsəfəsinə və soyuq müharibə dövrünün psixoloji müharibə konsepsiyasına güvənməsi mümkündür”, – deyə o yazır.
Aktivlərin idarəsi
Koffler qeyd edir ki, tərif – potensial agentlərin qüruruna təsir etmək üçün KQB üslublu ənənəvi vasitədir. Putin Tramp haqqında heç vaxt mənfi fikir bildirməyib, əksinə onu "ağıllı”, "təcrübəli”, "istedadlı”, "praqmatik” adlandırıb. Bundan başqa, Putin Trampın Nobel mükafatı qazanmaq və ukraynalılarla ruslara qarşı simpatiya toplamaq istəyindən də yararlanır.
"Refleksiv nəzarət”
Putin vaxt qazanmaq üçün "refleksiv nəzarət” texnikasından da istifadə edə bilər. Bu, rəqibin reallığı qavrayışını manipulyasiya etmək üçün nəzərdə tutulmuş konsepsiyadır.
Kofflerin fikrincə, Tramp bu metod üçün ideal hədəfdir, çünki o düşünür ki, hər şeyi öz "müqavilə bağlamaq bacarığı” ilə həll edə bilər və güman edir ki, Putinin məntiqi amerikalılar kimi işləyir. Əslində isə Putin yalnız öz şərtləri ilə razılaşa bilər.
Cüdo təcrübəsi
Cüdo – fiziki gücdən çox, rəqibin həm zehni, həm də bədən balansı üzərində qurulan yapon döyüş sənətidir. Analitikin sözlərinə görə, Putin dövlət idarəçiliyində də bu prinsiplərdən yararlanır. Rəqibi tarazlıqdan çıxarmaq – cüdonun əsas qaydalarından biridir. Putin Trampı da birbaşa ona qarşı çıxmadan, dostcasına təmasları Ukraynanın bombardmanları ilə növbələşdirərək çaşdırmağa çalışır.
Koffler bildirir ki, Putinin strategiyası qarşı tərəfi dərindən öyrənməyə əsaslanır, amma Trampın komandasında bu hazırlıq çatışmır. Putin isə artıq növbəti addımını planlaşdırıb – məsələn, ABŞ-ın birinci xanımı Melaniya Trampın məktubuna cavab olaraq bir neçə ukraynalı uşağı azad edə bilər və ya başqa vaxt udma taktikası işlədə bilər. Məqsəd – Trampı yorub danışıqlardan imtina etməsinə və ya Putinin bütün şərtlərinə razılaşmasına nail olmaqdır.
Tramp və sülh danışıqları
Mediada yazıldığı kimi, Tramp indiyədək Rusiyaya təzyiq göstərməkdən yayınır və sülhə nail olmaq üçün daha çox Kiyevə təzyiq etməyi planlaşdırır.
O, son açıqlamasında bildirib ki, iki həftə ərzində Rusiya və Ukraynanın mövqelərini biləcək və bundan sonra hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirəcək. Bununla yanaşı, ölkələr danışıqlar masasına əyləşməsələr, "günahın kimdə olduğunu” da anlamağa çalışacağını deyib.
Alpər
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.