Yeni tədris ili yaxınlaşdığı üçün xüsusilə Bakıda kirayə evlərə tələbatda artım müşahidə olunur. Artıq avqust ayının əvvəlindən etibarən xüsusilə tələbələr ev axtarışlarına başlayıblar.
Lakin kirayə ev qiymətlərinin yüksək olması narahatlıq doğurur. Bununla yanaşı, vasitəçilərin komissiya faizini də artırdığı görünür. Belə ki, cəmi 2-3 il öncə vasitəçilər kirayə evin qiymətinə uyğun olaraq ümumi məbləğdən 15-20 faiz komissiya tələb edirdilər. Hazırda isə bu rəqəm 30-35 faizdir.
Əmlak bazarında şirkətlərin fəaliyyətinə nəzarət hansı şəkildə tənzimlənir? Vasitəçilərin faiz təyinatı nəyə əsaslanır və nə dərəcə qanunauyğundur?
Referans bildirir ki, Globalinfo.az-a danışan beynəlxalq iqtisadi münasibətlər üzrə ekspert, hüquqşünas Ellada Bayramova deyib ki, bazar iqtisadiyyatının prinsiplərinə görə qiymətlərin formalaşması tələb və təklifdən asılıdır:
“Hazırda Bakıda və iri şəhərlərdə təhsil mövsümü, xarici vətəndaşların artan axını, eləcə də müəyyən tikinti layihələrinin gecikməsi səbəbindən kirayə evlərə tələbat çoxalıb. Bu da öz növbəsində qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Azərbaycanda “Rieltor fəaliyyəti haqqında” ayrıca bir qanun yoxdur, amma bu sahə Mülki Məcəllə və istehlakçı hüquqlarını qoruyan digər normativ aktlarla tənzimlənir. Vasitəçi ilə müştəri arasında bağlanan müqavilə əsasında komissiya müəyyənləşdirilir. Qanunvericilikdə sabit faiz göstəricisi yoxdur. Lakin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə görə, xidmət göstərən şəxs şəffaf və ədalətli şərtlərlə işləməlidir. Əgər vasitəçilər qeyri-rəsmi, yazılı müqavilə olmadan yüksək faiz tələb edirlərsə, bu artıq istehlakçı hüquqlarının pozulması hesab olunur”.
Hüquqşünas qeyd edib ki, əmlak bazarına birbaşa dövlət qurumları – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin Vergilər Xidməti nəzarət edir:
“Vasitəçilərin fəaliyyətinin rəsmi şəkildə qeydiyyata alınması və müqavilələrin hüquqi qüvvəyə minməsi üçün onların vergi ödəyicisi kimi qeydiyyata düşməsi vacibdir. Əks halda, qeyri-rəsmi xidmətlər həm dövlət büdcəsinə zərər vurur, həm də vətəndaşların hüquqlarını pozur.
Əslində tələb-təklif balansı bazar iqtisadiyyatının əsas prinsipidir. Amma bəzən vasitəçilər və ya ev sahibləri süni şəkildə qiymətləri qaldırır, bazarda real dəyərdən artıq göstəricilər formalaşdırırlar. Bu isə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə görə qadağandır. Yəni süni qiymət artımı, inhisarçılıq halları və ya vətəndaşların seçim azadlığının məhdudlaşdırılması hüquqi məsuliyyət doğura bilər”.
Ekspert əlavə edib ki, bu istiqamətdə rieltor fəaliyyəti haqqında ayrıca qanunun qəbul olunması vacibdir:
“Bu qanun vasitəçilərin komissiya faizinə yuxarı hədd müəyyən edə, müqavilələrin yazılı formada bağlanmasını məcburiləşdirə bilər. Digər tərəfdən, kirayə ev bazarında şəffaflıq artırılmalı, onlayn reyestr və rəsmi məlumat bazası yaradılmalıdır. Həmçinin vətəndaşların hüquqlarının müdafiəsi üçün İstehlakçılar İttifaqları, QHT-lər və dövlət qurumları birgə fəaliyyət göstərməlidirlər.
Vətəndaşlara tövsiyə olunur ki, kirayə ev axtaran şəxslər mütləq yazılı müqavilə bağlasınlar, ödənişləri qəbz əsasında aparsınlar və komissiya şərtlərini əvvəlcədən razılaşdırsınlar. Əgər hansısa vasitəçi qanunsuz şəkildə yüksək faiz tələb edirsə, İqtisadiyyat Nazirliyinə və ya məhkəmə instansiyalarına müraciət etmək olar. Dövlət qanunvericiliyi istehlakçının tərəfindədir, sadəcə vətəndaşlar hüquqlarını tələb etməyi bacarmalıdırlar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta