Azərbaycanın ən çətin relyeflərindən birində, Murovdağ silsiləsinin altında nəhəng infrastruktur layihəsi başa çatmaq üzrədir. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası ilə tanış olub, 11,7 kilometr uzunluğa malik Murovdağ tunelinin texniki açılışını ediblər.
Tunel Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Murovdağ tuneli yalnız Azərbaycanın deyil, həm də dünyanın ən uzun avtomobil tunellərindən biridir. Uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə birinci yeri tutur. Tunel dörd hərəkət zolağından ibarətdir, sağ və sol hissələri birləşdirən 38 keçid tuneli ilə təchiz olunub.
Tunelin açılışı gələn ilə nəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub
Qeyd edək ki, Avropada və dünyada uzun avtomobil tunelləri strateji əhəmiyyətə malikdir. Norveçdəki Lærdal tuneli (24,5 km) hazırda dünyanın ən uzun yol tunelidir. İsveçrənin Gotthard yol tuneli (16,9 km) Alp dağlarının altında yerləşir və Avropanı şimal–cənub xətti üzrə birləşdirir. Avstriyanın Arlberg tuneli (13,9 km) və Fransa–İtaliya sərhədindəki Fréjus tuneli (12,8 km) də qitənin mühüm dağ keçidlərində nəqliyyatın təhlükəsizliyini təmin edir.
Murovdağ tuneli isə bu siyahıya qoşularaq regionda ən uzun avtomobil tuneli statusunu qazanır. MDB ölkələrində bu miqyasda heç bir yol tuneli yoxdur.
Layihə çərçivəsində əlavə olaraq ümumi uzunluğu 2636 metr olan dörd tunel də inşa olunur. Bu yol bölgənin kənd təsərrüfatı, turizm və ümumilikdə sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcək.
Belə çətin coğrafi şəraitdə tunel inşası Azərbaycanın gücünü, iradəsini və yenidənqurma prosesinə verdiyi prioriteti nümayiş etdirir. Dünya təcrübəsi göstərir ki, uzun yol tunelləri yalnız nəqliyyat rahatlığı deyil, həm də strateji təhlükəsizlik, iqtisadi inteqrasiya və regional inkişaf üçün mühüm vasitədir.