BAKI, 23 avqust. TELEQRAF
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ICESCO ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun açılış mərasimi olub.
Teleqraf xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dillərin və dinlərin qovuşduğu bir məkan olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti bu gün ölkəmizi dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın və birgəyaşayış ənənələrinin nümunəsinə çevirib.
İcraçı direktor diqqətə çatdırıb ki, Forumun “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunması təsadüfi deyil. Çünki bu gün dünyada sülhün, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsində gənclərin rolu həlledici əhəmiyyət daşıyır. Gənclər yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsidir.Onların yaratdığı ünsiyyət körpüləri xalqlar arasında etimadın və əməkdaşlığın əsasını qoyur.“Əminəm ki, Forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadilələri və birgə fəaliyyət planları həm Azərbaycan, həm də iştirakçı ölkələrin gəncləri üçün yeni imkanlar açacaq. Burada formalaşan dostluqlar və əməkdaşlıqlar gələcəkdə beynəlxalq miqyasda sülh və multikultural dəyərlərin təbliğinə mühüm töhfə verəcək. Bu Forumda əldə etdiyiniz təcrübə və dostluqlar sizin gələcək həyatınızda parlaq izlər qoyacaq”, - deyə Rəvan Həsənov vurğulayıb.
ICESCO-nun Sosial və Humanitar Elmlər Sektorunun direktoru adından çıxış edən Dinara Quliyeva vurğulayıb ki, bu forum ICESCO ilə Azərbaycan Respublikası arasında səmərəli tərəfdaşlıqda növbəti bir mərhələdir. Ortaq dəyərlərə və baxışa əsaslanan bu əməkdaşlıq gəncləri sülh quruculuğunun öncüsü kimi qəbul edir və multikulturalizmi dinc birgəyaşayışın və dayanıqlı inkişafın əsas amili kimi dəyərləndirir.
ICESCO-nun Sosial və Humanitar Elmlər Sektorunun İnsan İnkişafı Şöbəsinin müdiri Dinara Quliyeva əlavə edib ki, “biz ICESCO olaraq inanırıq ki, gənclər bu prosesin hərəkətverici qüvvəsidir. Onlar təhsil, mədəniyyət, elm və yaradıcılıq vasitəsilə yeni körpülər qurur və xalqlar və mədəniyyətlər arasında etimad mühitini möhkəmləndirirlər. Bu baxımdan, multikultural dəyərləri qoruyub təşviq edən Azərbaycanda belə bir Forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzinin direktoru Namira Neqim, Şimali Avropa Münaqişə Transformasiyası Mərkəzinin direktoru cənab Noufal Abboud və digər çıxış edənlər Forumun gənclərin beynəlxalq əməkdaşlığı üçün mühüm bir platforma olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, burada aparılan müzakirələr gənclərin sülh quruculuğunda və mədəniyyətlərarası dialoqun təşviqində iştirakını dəstəkləyəcək yeni ideya və təşəbbüslərə yol açacaq, beləliklə də qlobal miqyasda dinc birgəyaşayış mədəniyyətinin möhkəmlənməsinə töhfə verəcəkdir.
Açılış mərasimindən sonra ICESCO və onun Bakıda Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzinin və Şimali Avropa Münaqişə Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə “Müxtəlifliyin gücü: Gənclər sülh və anlaşmanın hərəkətverici qüvvəsi kimi ” mövzusunda seminar keçirilib. Seminarda mədəni və identiklik müxtəlifliyinin sülh quruculuğu proseslərində rolu müzakirə olunub və bu istiqamətdə gənclərin hərəkətverici qüvvə kimi iştirakının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Gənclər Forumu – müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirən, multikultural dəyərlərin təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədi daşıyan ictimai platformadır. Forumun əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.
I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.