Yeni tədris ili yaxınlaşdıqca paytaxtda kirayə yarışları başlayır. Bölgələrdən Bakıya üz tutan minlərlə gəncin ev axtarışına çıxması kirayə bazarını hər il olduğu kimi bu dəfə də canlandırıb. Maklerlərin “sevimli ayı” sayılan sentyabr öncəsi dövrdə tələbatın artması qiymətlərdə də özünü göstərir.
Maraqlıdır, əvvəlki dövrlərlə müqayisədə qiymətlərdə nə qədər fərq yaranıb? Paytaxtın tələbələr üçün ən münasib rayonları hansılardır?
Mövzuyla bağlı Bizim.Media-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda kirayə bazarında təxminən 50-100 manat qiymət artımı müşahidə olunur.
Köhnə tikililərdə birotaqlılar minimum 400, ikiotaqlılar 500, üçotaqlı mənzillər isə 600-700 manatdan başlayaraq təqdim olunur. Metro kənarında yerləşən evlər, yaxud piyada yürümə məsafəsində olanlar digər ərazilərdə yerləşən evlərdən 25-30 % daha bahadır.
Yeni tikililərdə isə bu, kv-metr üzrə 8-10 manat aralığında dəyişib. Yəni 100 kv.m-lik ev 800-1000 civarında kirayəyə verilir. Kvadratı çox olan evlərin isə əksinə qiyməti bir qədər aşağıdır.
Ən baha rayonlar Nərimanov, Nəsimi, Səbail rayonunun mərkəz hissəsi və Yasamalın bir hissəsidir. Ən ucuz olanlar isə Qaradağ rayonu, Sabunçu, Suraxanı rayonlarıdır. Orta qiymətlər isə daha çox Xətai, Nizami rayonlarında müşahidə olunur.
Qiymət artımına səbəb ev sahibləridir
Ekspert onu da vurğuladı ki, əslində rieltorlar evlərin qiymətinin bahalaşmasında maraqlı deyillər. Çünki onlar kirayə verdiyi evlərin müqabilində xidmət haqqı alırlar:
“Adətən kirayə mənzilin birinci ayının ödənişindən təxminən 20-30 faizi civarında haqq alırlar. Kirayə qiymətləri yüksək olanda onlar da büdcəli müştəriyə evləri göstərə bilmirlər, yaxud imtina halları çox olur. Bu da onların işinə mənfi təsir edir.
Başqa sözlə, bu ay rieltorlar üçün sərfəli deyil. Avqustun axırları adəti üzrə kirayə mənzillərə tələbat çoxalır. Bu fürsətdən istifadə edən ev sahibləri kirayə qiymətlərini qaldırırlar. Yəni qiymət rieltorlar deyil, ev sahibləri sayəsində qalxır”.
Şəfiqə Şəfa, Bizim.Media