AZ

Stubb: Tramp tezliklə yenidən səbrini itirəcək 

ABŞ Prezidenti Donald Tramp tezliklə yenidən səbrini itirəcək, Rusiya lideri Vladimir Putini hədələyəcək və ya Moskvaya qarşı sanksiyalar tətbiq edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb yerli “Ykkösaamu” agentliyinə müsahibəsində deyib.

"Putin Alyaskadakı danışıqlara yalnız və yalnız Trampın Rusiyadan silah, qaz və neft alan Hindistana 50 faizlik gömrük rüsumunun tətbiqini elan etməsindən dərhal sonra öz istəyi ilə gəlib", - siyasətçi bildirib.

Stubbun fikrincə, Trampın səbrini iki şey tükəndirə bilər - zaman və Rusiyanın Ukraynadakı mülki hədəflərə davam edən hücumları.

"Rusiya səciyyəvi gecikdirmə taktikasından istifadə edir, əvvəlcə yüksək səviyyədə yeni görüş təşkil edəcəyinə söz verirlər, sonra isə daha aşağı səviyyədə, məsələn, xarici işlər naziri Sergey Lavrov vasitəsilə belə bir görüşün gözlənilmədiyini deyirlər. Və Rusiyanın mülki hədəflərə davam edən hücumları açıq şəkildə Trampın qərarlarına böyük təsir göstərir", - Finlandiya Prezidenti qeyd edib.

Stubb vurğulayıb ki, Putin və Zelenskinin bu yaxınlarda görüşməsi ehtimalı çox azdır.

Finlandiya Prezidenti əlavə edib ki, Avropanın xətti Putin və Rusiyanı təcrid etmək, sanksiyaları daim sərtləşdirməkdir. Lakin Rusiyanın təcrid olunması Alyaskada Trampın Putinlə danışıqlara başlaması ilə başa çatıb.

Bununla yanaşı, Stubb Trampın Putinlə danışıqlarını pis hal hesab etmir.

"Putini sülhə vadar edə biləcək yalnız bir adam var, o da prezident Trampdır. O, Putinin dinlədiyi, açığı, Putinin qorxduğu yeganə adamdır", - siyasətçi söyləyib.

Stubbın sözlərinə görə, Finlandiya və Rusiya münasibətlərini yalnız Ukraynada müharibə bitdikdən sonra bərpa edə bilərlər.

Seçilən
12
4
bakivaxti.az

5Mənbələr