AZ

Dostluğa, qardaşlığa və ortaq milli dəyərlərə söykənən tərəfdaşlıq

 

Azərbaycan, Türkmənistan və Özbəkistan

arasındakı üçtərəfli əməkdaşlıq formatı münasibətlərdə yeni səhifə açır

 

Avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən

Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası

arasında yüksəksəviyyəli görüş yalnız bu dövlətlər deyil, bütün türk dünyası

üçün mühüm siyasi hadisəyə çevrildi. Bu görüş bir daha təsdiq etdi ki, türk

dövlətləri onların inkişafına, əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açan,

o cümlədən qlobal və regional aktuallıq kəsb edən bütün məsələlərdə hər zaman

ortaq mövqe nümayiş etdirirlər.

 

 Türk dövlətləri müasir çağırışları düzgün dəyərləndirirlər

 

Sürətlə dəyişən və yenilənən regional və qlobal

əməkdaşlıq imkanları olduqca mühüm və strateji coğrafiyada yerləşən türk dövlətlərinin

qarşısında yeni prioritetlər formalaşdırır. Bu fonda görünən odur ki, türk dövlətləri

çağdaş reallıqları və meydana çıxan çağırışları düzgün dəyərləndirərək, həm özlərinin

inkişafına, həm də aralarındakı tərəfdaşlıq əlaqələrinin daha da güclənməsinə

xidmət edən addımlar atırlar. Türk dövlətlərini birləşdirən Türk Dövlətləri Təşkilatı

son illərdə fəaliyyətini daha da gücləndirərək nüfuzlu regional təşkilata

çevrilib. Türk Dövlətləri Parlament Assambleyası, TÜRKSOY, Türk Akademiyası,

Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr

arasında əlaqələr sürətlə genişlənib.

Öz növbəsində Azərbaycanın həyata keçirdiyi

layihələr istər regional, istərsə də, qlobal müstəvidə strateji məzmun

daşımaqla, həm də türk dövlətlərinin beynəlxalq iqtisadi inteqrasiyasına,

onların ixrac əməliyyatlarının çoxalmasına böyük təkan verib. Respublikamızın təşəbbüsü

ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən

nəhəng infrastruktur olmaqla bərabər, Mərkəzi Asiya dövlətlərinin ixrac

imkanlarının genişlənməsinə də mühüm təsir göstərib. Azərbaycanın təşəbbüsü ilə

Bakı-Tbilisi-Qars dəmir yolunun türk dünyasındakı iqtisadi əlaqələrə verdiyi

töhfələr nəzərə alınaraq, ötürücülük qabiliyyəti daha da artırılacaq.

Azərbaycanın təşəbbüsləri ilə inşa edilən

enerji kəmərləri də türk dövlətlərinin maraqlarına xidmət edir. Belə ki,

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və "Cənub qaz dəhlizi" Azərbaycanla

yanaşı, Türkmənistanın və Qazaxıstanın da Xəzər dənizindən hasil  etdikləri karbohidrogen ehtiyatlarının

ixracını həyata keçirir. Bununla da Orta Asiyanın türk dövlətləri alternativ

marşrutlarla beynəlxalq bazarlara çıxış əldə edirlər. Bu kəmərlərin işə düşməsi

Türkiyə dövlətinin də enerji təhlükəsizliyini möhkəmləndirib.  Bütün bunlar Azərbaycanın türk dünyasına

böyük töhfələridir. Göründüyü kimi, Azərbaycanın nəqliyyat və enerji dəhlizləri

ilə bağlı həyata keçirdiyi layihələr həm də türk dövlətlərinin milli mənafelərinin

qorunmasına xidmət edir, regional və qlobal proseslərdə türk dünyasının mövqelərinin

güclənməsini şərtləndirir.

 

Yeni əməkdaşlıq formatı hər üç dövlətə böyük dividendlər qazandıracaq

 

Avqustun 22-də Türkmənistan, Azərbaycan və Özbəkistan

arasında yüksəksəviyyəli görüşün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın

genişləndirilməsinə xidmət edən mühüm siyasi təşəbbüsdür. Bu görüş  üç türk dövləti arasındakı münasibətlərdə

yeni səhifə açır, əlaqələrin gedişini yeni keyfiyyət mərhələsinə yüksəldir.

Azərbaycan Respublikası Özbəkistan və Türkmənistanla

strateji tərəfdaşdır və son illər aralarında həm siyasi, həm də iqtisadi sahədə

mühüm razılaşmalara imza atıblar. 2017-ci ilin avqustunda Azərbaycanla Türkmənistan

arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. 2021-ci ilin yanvar

ayında iki dövlət arasında Xəzər dənizində "Dostluq" yatağının

karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi

haqqında Anlaşma Memorandumu imzalanıb. Ötən ay Türkmənistan Xalq Məsləhətinin

Sədri Qurbanqulu Berdiməhəmmədovun respublikamıza səfəri də göstərmişdi ki,

dostluq prinsiplərinə söykənən Azərbaycan-Türkmənistan münasibətləri uğurla

inkişaf edir.

Eyni zamanda Özbəkistan türk dünyasında Azərbaycanla

xüsusi münasibətləri olan qardaş dövlətdir. İki dövlət arasındakı əlaqələrdə

Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin dostluq münasibətləri

mühüm  rol oynayır.  Ötən ilin avqust ayında imzalanan "Azərbaycan

Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri

haqqında Müqavilə" isə iki dövlətin münasibətlərinin hansı səviyyəyə yüksəldiyini

aydın göstərir.

İndi dost və qardaş ölkələr olan Azərbaycan,

Türkmənistan və Özbəkistan arasında həm də yeni əməkdaşlıq formatı yaranır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Biz xalqlarımızın mədəni və

tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost

və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq".

Avqustun 22-də Türkmənistanda olduqca məhsuldar

keçən yüksəksəviyyəli görüşdə həm siyasi-iqtisadi, həm də mədəni-humanitar sahələrdə

əməkdaşlığın müxtəlif aspektləri, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələləri

müzakirə olunub. Məlum olduğu kimi Azərbaycan, Türkmənistan və Özbəkistanın əraziləri

strateji baxımdan əhəmiyyətli coğrafiyaları əhatə edir. Bu baxımdan danışıqlar

zamanı əsas mövzulardan biri nəqliyyat dəhlizlərinin və logistika

infrastrukturlarının inkişaf etdirilməsi, milli nəqliyyat sistemlərinin

inteqrasiyasının dərinləşdirilməsi olub.

Üç ölkənin energetika sahəsində əməkdaşlığının

perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Karbohidrogen yataqlarının

işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrlə

bağlı məsələlər nəzərdən keçirilib. O cümlədən liderlər hər üç dövlətin

istehsal etdiyi məhsulların qarşılıqlı tədarükünün stimullaşdırılması ilə bağlı

razılığa gəliblər. Həmçinin humanitar əlaqələrlə bağlı məsələlər, turizm və mədəni

mübadilə sahələrində birgə proqramların qəbul olunması müzakirə edilib.

Bu görüş Azərbaycan, Türkmənistan və Özbəkistanın

öz milli mənafeləri naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş

möhkəm siyasi iradə nümayiş etdirdiklərini göstərdi. Görüş həm də verilən mühüm

mesajlarla yadda qaldı və türk dövlətləri arasında qardaşlığın sarsılmaz

olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bu görüşü "Bu, tarixi

görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür", - deyə dəyərləndirdi.

Azərbaycan, Türkmənistan və Özbəkistanın

coğrafi mövqeyini və onlar arasındakı iqtisadiyyat və nəqliyyat-kommunikasiya

üzrə qarşılıqlı əlaqələri nəzərə alanda görürük ki, belə bir əməkdaşlıq

formatının yaradılması bu türk dövlətlərinin hər birinə böyük dividendlər gətirəcək.

Eyni zamanda bu əməkdaşlıq bütün türk dünyası üçün çox faydalı olacaq.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr