Babalarımızın
min illər əvvəl izlərini qoyub getdikləri tarixi abidələr mədəni və dini
kimliyimizin şəxsiyyət vəsiqəsidir. Haqqında bəhs etdiyimiz Şamaxı Cümə məscidi
- Azərbaycan Respublikasının ərazisində Cənubi Qafqazda Dərbənd Cümə məscidindən
(734-cü ildə inşa edilib) sonra inşa edilmiş ən qədim məsciddir.
XIX əsrə
kimi tarixi mənbələrdə Şamaxı Cümə məscidinin inşası haqqında məlumatlar yox idi. Belə izah edilirdi ki, bu
tarixi abidənin inşası qrafik və mətn sənədlərinin az olduğu erkən Orta əsrlərə
gedib çıxır. Lakin Şamaxının və Dərbəndin tarixini öyrənən tədqiqatçılar
araşdırmalarında bir qayda olaraq Cümə məscidinin adını da qeyd ediblər.
Araşdırmaçılar
belə qənaətə gəliblər ki, Azərbaycan ərazisində ilk dəfə məscid 743-744-cü illərdə
xəlifə Validin qardaşı VIII əsrdə Şirvan və Dağıstanı fəth edərək bu ərazilərdə
islamı yaymış Əbu Müslümün hakimiyyəti dövründə inşa olunub. Ehtimal ki, məscidin
strukturunun formalaşması Orta əsr Azərbaycanında (XII-XIII əsrlər) mədəniyyət
və incəsənətin çiçəklənməsi dövründə tamamlanıb. Məşhur memar Şamil Fətullayev-Fiqarovun
Şamaxı Cümə məscidi haqqında qeydlərində oxuyuruq: "Azərbaycan memarlıq
tarixində Şamaxı Cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq,
arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim qurğunun
tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin
Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır".
1902-ci ildə
baş verən zəlzələ Şamaxıda ciddi dağıntılara səbəb olur. Şəhərə xüsusi
komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə
Şalkuli Qacar daş kitabə üzərinə yazılmış yazıda Cümə məscidinin müsəlman
tarixi ilə 123-cü ildə, Miladi təqvimlə 743-cü ildə inşa edilməsini ortaya
çıxarmışdı.
Şamaxı Cümə
məscidi tarixin ən amansız qətliamlarına şahidlik etmiş qədim abidədir. Səlcuqların
dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar
1123-cü ildən başlayaraq, gürcülərin talançı basqınlarından müdafiə məqsədilə,
yardım üçün səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət edirlər. O yazır ki, həmin
vaxt onlar Şamaxı şəhərinə hücum edərək "məscidi dağıtmışlar, minarəni
uçurmuşlar və şəhərdə quldurluq edirmişlər".
Cümə məscidi
ilk dəfə XII əsrin sonunda rekonstruksiya olunub. Məscidin ikinci
rekonstruksiyası XVII əsrdə Səfəvilərin dövrünə təsadüf edir. 1656-cı ildə
Şamaxıda olan Övliya Çələbi bu məscidi vilayətin ən böyük ibadət ocaqlarından
biri adlandırır. 1859-cu il Şamaxı zəlzələsindən sonra şəhərin məhəllələrinin,
o cümlədən memarlıq abidələrinin bərpasına Qasım bəy Hacıbababəyov rəhbərlik
edir.
XX əsrdə
Cümə məscidi Şamaxının planlaşdırılmasında və tikintisində tarixi abidə kimi
Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olub. Bunu
general-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktub da təsdiq edir.
1903-cü
ilin oktyabrında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə komitə təşkil
olunur. Komitə qarşısında əsrlər boyu Şirvanın mövcudluğunun və böyüklüyünün
simvolu olan yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə dururdu.
Məscidin
inşası üzrə komitə Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova Cümə
məscidinin yeni binası üçün layihə hazırlamaq tapşırılır. O, həm də dağıdılmış
binanın cizgilərini saxlamalı və qismən də olsa binanın qalan hissələrindən
istifadə etməli idi. Zivər bəy inşaat işlərinə başlayır, kürsülük daşı qoyulur,
mərkəzi mehrabın arxa divarı qismən tikilir. Lakin yan divarların inşası davam
edərkən memar və komitə arasında narazılıq baş verir. İnşaat işləri
dayandırılır və Əhmədbəyov tikintini tərk edir. Komitə məscidin layihələşdirilməsini
davam etdirmək xahişi ilə İosif Ploşkoya müraciət edir. Ploşko Zivər bəy Əhmədbəyovun
plan quruluşunu saxlayaraq özünün memarlıq həllinin variantını təklif edir.
Müxtəlif
Avropa və tarixi üslublardan istifadə edərək layihələr yaratmağa adət etmiş
İ.Ploşko üçün bu, adi bina deyildi. Məscidin layihəsini tərtib etməzdən əvvəl
o, bir daha Bakı və Şamaxının tikililəri ilə tanış olmağa, Şirvanşahlar Saray
Kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirir. İ.Ploşko 1909-cu ildə məscidin
inşası üzrə komitəyə ustalıqla hazırlanmış layihə təqdim edir. Layihədə dini
tikili islamın memarlıq obrazlarında öz bədii təcəssümünü tapmışdı.
Bakıda Mart
soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə
"Daşnaksütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı
qırğına başlayır və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ
tamamlanmamış məscid ciddi zədələnir. Bakıda yaşayan şamaxılıların general
Tomsona verdikləri məlumata görə, şəhər talan edilmiş, daha sonra isə yandırılmış,
heç bir məscid salamat saxlanmamışdır.
2009-cu
ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı Cümə məscidinin bərpa
olunması haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, 2010-cu ildə məscid
kompleksi ərazisində bərpa işlərinə start verilib. Bərpa işləri Azərbaycanın
"A+A Kampaniyalar Qrupu" tərəfindən həyata keçirilib. Bərpa işləri
görülərkən divar yazılarının bərpası üçün İrandan xüsusi mütəxəssislər dəvət
olunub. Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsi
əsas götürülərək 1918-ci ildə törədilmiş yanğından sonra məscidin qorunmuş
bütün hissələri saxlanılaraq orqanik şəkildə kompleksə əlavə edilib. Bərpa işləri
zamanı məscidin həyətində aşkarlanmış mədrəsə binası, hücrələrin və qəbir abidələrinin
ilkin görünüşü saxlanılıb. Ümumilikdə restavrasiya prosesi zamanı
Şirvan-Abşeron memarlıq məktəbinin inşaat ənənələrinin qorunmasına diqqət
yetirilib.
Restavrasiya
zamanı məscidin ortada yerləşən böyük və kənarlarda yerləşən kiçik gümbəzləri
yenidən qurulmuş və nəfis naxışlarla bəzədilmişdir. Məscidin orta zalı milli
interyer üslubunda bərpa edilmişdir və hazırda bu zalda 1500 nəfər eyni vaxtda
namaz qıla bilir. Kompleks ərazisində iki hovuz və altı qalereya inşa
edilmişdir. Yeni inşa edilmiş ikimərtəbəli inzibati binanın sahəsi 804
kvadratmetrdir. Məscid kompleksi ərazisində 250 nəfər üçün nəzərdə tutulmuş 520
kvadratmetr ərazisi olan mərasim zalı və mətbəx də fəaliyyət göstərir. Kompleksə
zəngin invertara malik kitabxana da daxildir.
17 may
2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı Cümə məscidi yenidən istifadəyə
verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
bütün Qafqazın müftisi, müsəlman dövlətlərinin ölkəmizdəki səfirləri və digər
dinlərin nümayəndələri iştirak ediblər.
Xatırladaq
ki, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli
tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Elşən QƏNİYEV,
"Azərbaycan"