Qoynunda
dünyaya göz açdığımız və ömür sürdüyümüz ana təbiət bizi heyran edən sirlərlə,
möcüzələrlə doludur. Tarixini araşdırdıqca, keçmişini vərəqlədikcə görürük ki,
onlar bir-birindən çox-çox qədimdir, uludur. Sanki ataların illərcə, əsrlərcə əvvəl
səfər etdikləri, gedib-gəldikləri rahat, rəvan karvan yoludur. Babaların xoşbəxtlik
dünyasına uzandıqca uzanan, torpaq, yurd uğrunda vuruşduqca vuruşan, həmişə də
qalib gələn, zəfər qazanan heç vaxt yorulmayan, gücdən düşməyən qoludur.
Yəqin elə
buna görə də gördüyümüz möcüzələr, sirlər hər addımda bizi özünə çəkir, heyran
edir. Bu heyranlığı duyanda, görəndə fikrimiz bir anın içində qanadlanıb üzü gələcəyə
doğru uzanır. Getdikcə yolboyu təbiətdən gələn bir-birinə bənzəməyən səsləri
eşidir, möcüzələri, sirləri görür. Gördüklərindən də ürəyi qürurlanır, gözlərindən
ətrafa sevinc qarışıq fərəh saçılır.
Möcüzələrlə,
sirlərlə dolu ana təbiətin qoynundakı bütün canlıların, cansızların, əşyaların
bir-birini təkrarlamayan avazı, səsi var. Bir-birindən odlu-alovlu, isti, ilıq
nəfəsi var. Harayı, ruha dinclik gətirən pıçıltısı, xışıltısı, ürəyi sızladan
naləsi var. Yaratmağa, yaşatmağa sonsuz güclü həvəsi var. Minbir rəngə çalan,
zövqümüzü oxşadıqca oxşayan haləsi var.
Təbiətin
qoynunda asta-asta addımladıqca ətrafımızı gözəlləşdirən, bənzərsizləşdirən mənzərələri
seyr etdikcə, gördüyümüz hər otun, hər çiçəyin, hər ağacın, hər yarpağın, bütün
varlığın səsini eşidirik. Bir-birini təkrarlamayan, bir-birinə bənzəməyən bu səslər
yaddaşımızın dərinliyinə hopa-hopa ürəyimizə axır, vücudumuza bir rahatlıq gətirir.
Sehrinə daldığımız, heyranı olduğumuz bu səslər hamımız üçün olduqca doğma və əzizdir.
Başı qarlı dağlardan süzülüb gələn bulaq suyu kimi pakdır, təmizdir.
Sanki bu səslər anamız təbiətə şirin-şirin
laylay çalır, hərdən də hövsələdən çıxanda onu xoş sözlərlə ovudub könlünü
alır. Bu qarışıq səslər sanki bir göz qırpımında qəlbimizdə gözəl musiqiyə
çevrilir. Elə ilk andan da xoş təsir bağışlayır, ürəyə yatır, sevildikcə sevilir.
Amma elə də olur ki, bəzən hansısa gözəgörünməz bir qüvvə qəflətən baş
qaldıraraq onun qarşını kəsir. Həmin anlarda ürəklərə, qəlblərə soyuq küləklər əsir.
Əsən küləklər sanki hansısa bir xəbəri ünvanına çatdırmağa tələsir.
Təbiətin
qoynunda gəzib dolandıqca eşitdiyimiz bir-birinə bənzəməyən səslər bizə ən gözəl,
ən dəyərli, ən lətafətli və təravətli musiqini xatırladır. Bu musiqi bizə
dinclik verir, ruhumuza rahatlıq qatır, bir anın içində qəlbimizdəki
acılı-şirinli xatirələrimizi oyadır. Ayaq saxlayıb bu səslərə qulaq kəsilirik.
Düşünürük ki, yarpaqların həzin pıçıltısı, bulaqların zövqümüzə zövq qatan,
ruhumuzu oxşadıqca oxşayan, könlümüzə sığal-tumar çəkən sərinliyi, çayların əbədi
nəğməni xatırladan şırıltısı, yaşıl çəmənlikdə baş-başa verib mürgüləyən çiçəklərin
asta səslə eşidilən pıçıltısı musiqi deyilmi? Eşitdiyimiz bu səslər daim
ruhumuzu qidalandırır, ovqatımıza ovqat qatır, ürəyimizdə, qəlbimizdə musiqiyə
qarşı heç vaxt sönməyən ocaq çatır.
İndiyə qədər
təbiətin qoynundan dünyaya yayılan bu gözəl, bənzərsiz səsləri hansımız eşitməmişik
ki? Onlara hansımız heyran olmamışıq ki? Bu səsləri eşidəndə hansımız kövrəlib
dolmamışıq ki? Bu bənzərsiz səsləri dinləyəndə hansımız ona heyran qalmamışıq
ki? Həmin xoş səslərin qanadında hansımız acılı-şirinli düşüncələrə dalmamışıq
ki?
Təbiətdən gələn
bir-birinə bənzəməyən bu səslər yavaş-yavaş qəlbimizə, ürəyimizə hopduqca
musiqidən də yüksəklərə yüksələrək ilahi nəğməyə çevrilir. Bu nəğmə bir an
içində könülləri fəth edə-edə göylərin dərinliyinə çəkilir. İlahi nəğmənin səsini
ulduzlar da, Ay da, Günəş də eşidir. Səmanın dərinliyindən daim təbiətin gözəl
səslərindən yaranan, bənzərsizlikdən daranan ilahi nəğmələr kəsilmək bilmir. Bu
səsə heyran qalan buludlar qol götürüb oynayır, ildırım gurultusu, nəriltisi ilə
ona əl çalır, şimşək isə gecələr onun üstünə işıq saçır. Dünyamız hər gün səhər-səhər
mürgülü gözlərini bu ilahi nəğmənin sədaları altında gülümsünə-gülümsünə açır.
Vahid
MƏHƏRRƏMOV,
"Azərbaycan"