AZ

Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Avqustun 23-də Bakının Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunan tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə keçirilən və maraqlı interaktiv tədbirlər də yer aldığı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verib, həm də müxtəlif hədiyyələr qazanıblar.

Festival zamanı ümumi tutumu 8 985 litr olan plastik tullantı, 1890 olan şüşə tullantı, 2 620 işlənmiş batareya toplanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a açıqlamasında tədbirin bu il ərzində 5-ci festival olduğunu bildirib. Qeyd olunub ki, bu festival da daxil olmaqla 28 min litrdən artıq plastik butulka, 5 min litrə kimi şüşə butulka, 4 500-dən artıq işlənmiş batareya təhvil götürülüb: "Ötən il yeddi belə festival keçirilib. Bu, ən çox sevilən tədbirlərdən biridir və vətəndaşlar kifayət qədər maraq göstərirlər. Onlar evdə çeşidlədikləri plastik, şüşə tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr - kitablar, məktəbli ləvazimatları, qida məhsulları və s. götürüblər. Əslində hər kəs tullantıları düzgün idarəetmə vərdişlərinə malik olmalıdır. Məlum məsələdir ki, paytaxt və rayonlarda çeşidlənmə konteynerləri quraşdırılıb. Biz sadəcə istəyirik ki, vətəndaşlar tullantıların təbiətə verdiyi zərəri anlasınlar və onun qarşısını almaq üçün öz əllərindən gələni əsirgəməsinlər. Bu cür aksiyalar zamanı vətəndaşları tullantıların çeşidlənməsinə stimullaşdırmaq istəyirik. Onlar başa düşsünlər ki, tullantı saydığımız hər şey heç də lazımsız vasitə deyil. Əşyanın öz təyinatı üzrə proses başa çatıbsa, bundan sonra da o, yenidən xammala çevrilə bilər. Plastik tullantılar bu gün qlobal ekoloji problemlərdən biridir. Ölkəmizdə nazirlik tərəfindən bu yöndə maarifləndirici tədbirlər mütəmadi olaraq keçirilir".

Seçilən
6
4
yeniazerbaycan.com

10Mənbələr