Kiyev, 24 avqust, AZƏRTAC
Ukraynaya ədalətli sülh lazımdır və Rusiyaya güzəştə getməyəcək. Ölkənin gələcəyinin necə olacağına yalnız ukraynalılar qərar verə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü ilə bağlı müraciətində bildirib.
Müraciəti Kiyevin mərkəzindən – “Müstəqillik” meydanından edən Zelenski Ukrayna şəhərlərinə, xüsusən də Donetsk, Luqansk, Krıma olan məsafələrin yazıldığı “Sıfır Kilometr”ə də diqqət çəkib.
"Bu gün bu işarələr tamamilə fərqli məna daşıyır. Onlar artıq, sadəcə, kilometrlərlə deyil. Onlar xatırladırlar ki, bütün bu ərazilər Ukraynadır. Bizim xalqımız oradadır və aramızdakı heç bir məsafə, heç bir müvəqqəti işğal bunu dəyişməyəcək. Bir gün ukraynalılar arasındakı bu məsafə aradan qalxacaq və biz yenidən bir ailə, bir ölkə kimi birlikdə olacağıq”, - deyə Zelenski əlavə edib.
Prezident əsgərlərə, könüllülərə, həkimlərə, xilasedicilərə, müəllimlərə, gənclərə və digər ukraynalılara təşəkkürünü bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna dəyişib - o, artıq xoşməramlı jestlər gözləmir, öz iradəsinə malikdir.
"Belə Ukrayna tarixdə bir daha heç vaxt rusların "kompromis" adlandırdıqları biabırçılığa məcbur edilməyəcək. Bizə ədalətli dünya lazımdır. Gələcəyimiz necə olacaq, yalnız biz qərar verə bilərik. Bunu dünya bilir. Dünya buna hörmət edir, Ukraynaya hörmət edir, Ukraynanı bərabər dövlət kimi qəbul edir", - deyə Prezident qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Ukrayna bir gündə dünya liderlərini öz ətrafında toplayıb birləşdirə, Avropa və ABŞ-ın birliyini bərpa edə və bu birliyin əsasına çevrilə bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev