Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan edilib. Tələbə adını qazanan minlərlə abituriyent arasında şəhid övladları da var.
Modern.az müsabiqə şərtlərini uğurla keçən bir neçə şəhid övladı ilə əlaqə saxlayıb.

Şəhid mayor Abakar Hacıyevin oğlu Hacı Hacıyev bu il tələbə adını qazananlar içərsindədir. O, 533 balla Xəzər Universitetində İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində) ixtisasına qəbul olub.
O bu uğurun müəllimlərə borclu olduğunu bildirib:
"Uşaqlıqdan kompüter sahəsinə marağım olub. Artıq 9-cu sinifdə qəbul fənlərinə informatika fənnidə əlavə olunduqda seçəcəyim qrupu dəqiqləşdirdim. Bu sahədə bir çox uğurumda olub. 2023 cü ildə keçirilən Dünya Robot Olimpiyadasında Azərbaycanda 1-ci yer, Panamada keçirilən dünya turunda isə komandamla 2-ci yerə layiq görüldük".
Atamla bu haqda danışmışdıq
"2024 cü ildə isə Sabahın Alimləri yarışmasında 1-ci yerə layiq görüldüm və gənclər və idman naziri tərəfindən “İlin Gənci” seçilərək mükafatlandırıldım. Bu uğurlarımdan sonra kompüter sahəsinə marağım daha da artdı.
İxtisas seçimlərimdə iki universitet - ADA və Xəzər Universitetini seçmişdim. Atamla bu haqda danışanda böyüyəndə mühəndis olacağımı deyirdim, 9-cu sinifdən sonra isə informatikaya marağım daha da çoxaldığı üçün bu inşaat mühəndisliyi yox, informatika yönümlü fənlərə daha çox marağım artdı və təhsilimi də bu yöndə davam etdirmək istədim. Gələcəkdə isətəhsilimi xaricdə davam etdirmək istəyirəm", - deyə Hacı Hacıyev bildirib.

Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olunub.
"Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmaq mənim üçün həm də qürurludur. Çünki tarix yazan birinin qızıyam. Oxuduğum, işlədiyim müddətdə özümü daha da inkişaf etdirmək məqsədindəyəm. Gələcəkdə isə ikinci təhsil kimi hüquqşünaslıq ixtisasına yiyələnmək istəyirəm.
Atamla bu mövzuları çox danışmamışdıq. O şəhid olanda hələ mənim yaşım az idi. Amma inanıram ki, o da indi məni görür və fəxr edir".

Şəhid polkovnik Şükür Həmidovun oğlu Nurlan Həmidli təhsilini davam etdirmək üçün Türkiyəni seçib. O, Eskişehir Osmanqazi Universitetində, Biznesin təşkili və idarəolunması ixtisası üzrə bakalavr təhsili alacaq.
“Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Biznesin idare olunması fakültesine qəbul olunmuşam. Hamı kimi mən də çox sevinirəm", - deyə o bildirib.
Bu ixtisas atamın mənim üçün arzuladığı sahədir:
“Mən özümə borc bildim ki, onun bu arzusunu yerinə yetirim”. Şükür Həmidovun oğlu Nurlan onu da bildiirb ki, gələcəkdə təhsilini başa vurduqdan sonra işləmək üçün ölkəyə dönəcək.

Şəhid polkovnik-leytenant Sadiq Məmmədovun qızı Səbinə Məmmədzadə Azərbaycan Dillər Universitetinin Tərcümə (Koreya dili üzrə) ixtisasına qəbul olunub.
O, saytımıza açıqlamasında qeyd edib ki, imtahanlara hazırlaşdığı vaxtdan bu fakültəyə daxil olmaq istəyib:
“İnsan istədiyini əldə edəndə çox yaxşı hiss edir və gələcəkdə də istədiyini əldə etmək üçün çalışmağa motivasiyası yaranır. Ümid edirəm hər bir məzun bu xoşbəxtliyi yaşayar”.
Sadiq Məmmədov şəhid olarkən qızı hələ 14 yaşında olub
“Atamın yaşadığı dövrdə biz hələ bu haqda heç danışmamışdıq. Lakin o mənim dillərə olan marağımı bilirdi və əlindən gəldiyi qədər dəstək olurdu. Atamın yaşadığı dövrdə biz hələ bu haqda heç danışmamışdıq. Lakin o mənim dillərə olan marağımı bilirdi və əlindən gəldiyi qədər mənə dəstək olurdu”- deyə sonda tələbə adını qazanan S. Məmmədzadə bildirib.