AZ

Kəlbəcərin işğalından sülh müqaviləsinədək: Azərbaycanın dövlətçilik iradəsi və tarixi qələbəsi

1993-cü ilin aprelində Kəlbəcərin işğalı xalqımız üçün təkcə ərazi itkisi deyildi, bu həm də dövlətçiliyimizə, milli təhlükəsizliyimizə və strateji maraqlarımıza vurulan ağır zərbə idi. Şuşa, Laçın və Kəlbəcərin işğalı birbaşa o dövrdə hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat tandeminin xəyanətkar siyasətinin nəticəsi idi. Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Şuşanın və Laçının itirilməsi, ardınca Kəlbəcərin düşmən tapdağına keçməsi Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında geniş coğrafi bağlantı yaratdı və Azərbaycanın digər bölgələrinin də işğalı üçün şərait formalaşdırdı. Bu hadisələr bir daha sübut etdi ki, dövlətçilik məsuliyyətindən məhrum qüvvələrin hakimiyyətə gəlməsi milli faciələrə yol açır. Lakin bu faciələr xalqımızın mübarizə əzmini qıra bilmədi, əksinə, gələcək qələbənin ideoloji əsaslarını formalaşdırdı.

İllərlə davam edən beynəlxalq vasitəçilərin ikili siyasəti münaqişənin həllini mümkünsüz etdi. Ermənistanın işğalçı mövqeyi açıq olsa da, ATƏT-in Minsk qrupu həmsədrləri münaqişəni həll etmək əvəzinə onu dondurmaqla məşğul oldu. Ermənistan pulsuz silahlarla təchiz edilir, siyasi dəstək alırdı. Bu isə beynəlxalq hüquqa zidd olaraq işğal rejiminin möhkəmlənməsinə xidmət edirdi. Belə şəraitdə Azərbaycanın sülh yolu ilə nəticə əldə etməsi real deyildi.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu: ölkədə sabitlik bərqərar edildi, iqtisadi inkişaf sürətləndi, güclü ordu quruldu, ölkənin beynəlxalq nüfuzu artdı və Ermənistan işğalçı dövlət kimi bütün platformalarda ifşa edildi. Ən əsası, yeni nəsil vətənpərvər gənclər yetişdi. Prezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və torpaqlarını azad edəcəkdi.

2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi bu iradənin təntənəsi oldu. Azərbaycan xalqı bir yumruq kimi birləşdi, ordumuz hər gün irəliləyiş əldə etdi, düşmən ordusunda isə on minlərlə fərari qeydə alındı. Qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edildi, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və Kəlbəcər, Laçın, Ağdam bir güllə atılmadan geri qaytarıldı. Bu həm hərbi gücün, həm də diplomatik üstünlüyün təntənəsi idi və tarixi ədalət bərpa olundu.

Azərbaycan üçün 2023-cü ilin 19-20 sentyabr tarixləri də 8 Noyabr qədər əlamətdardır. Birgünlük antiterror əməliyyatı nəticəsində separatçı silahlı ünsürlərin qalıqları məhv edildi, Qarabağda dövlət suverenliyi tam bərpa olundu. Bununla Azərbaycan qələbəni möhkəmləndirməklə yanaşı, regionda yeni sülh dövrünün əsasını qoydu.

Bu gün Ermənistanla sülh müqaviləsinin müəllifi də məhz Azərbaycan dövlətidir. Paraflanan sülh müqaviləsinin bütün bədlərinin tərtibatında Azərbaycanın mövqeyi əsas götürülüb. Sənədin bütün bəndləri Azərbaycanın mövqeyini və maraqlarını əks etdirir, Ermənistan-Azərbaycan qarşıdurması faktiki olaraq başa çatır. Ən mühüm uğurlardan biri isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru bağlantısının təmin edilməsidir ki, bu da həm milli maraqlar, həm də beynəlxalq nəqliyyat şəbəkəsinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Yeni dəhliz Azərbaycanın geostrateji rolunu daha da gücləndirəcək.

Azərbaycan həm 2020-ci ildə, həm də 2023-cü ildə yaratdığı yeni reallıqlarla beynəlxalq miqyasda öz böyüklüyünü nümayiş etdirdi. Ermənistana havadarlıq edən qüvvələrin Azərbaycana sanksiya tətbiq olunması üçün göstərdikləri bütün cəhdlər tam iflasa uğradı. Çünki ölkəmiz haqq işini həyata keçirir, öz torpaqlarını azad edir və ərazi bütövlüyünü bərpa edirdi. Biz heç bir ölkənin torpağını zəbt etmədik, əksinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdik.

Nəticə etibarilə, Azərbaycanın son 30 illik mübarizəsi bir daha göstərdi ki, xalqın iradəsi, güclü dövlətçiliyi və qətiyyətli rəhbərliyi qarşısında heç bir güc dayana bilməz. Kəlbəcərin işğalı bir vaxtlar xəyanətin və ikili standartların nəticəsi idisə, onun azad olunması, 44 günlük Vətən müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı və Ermənistanla sülh müqaviləsi Azərbaycanın dövlətçilik tarixində qızıl səhifələr yazdı. Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Bu gün Azərbaycan qalib dövlət statusu ilə həm regionun, həm də beynəlxalq siyasətin aparıcı güclərindən birinə çevrilib və regionda sülhün, əməkdaşlığın və yeni geosiyasi reallıqların əsas müəllifi kimi çıxış edir.

Prezident İlham Əliyev Kəlbəcərdə ictimaiyyət nümayəndələri ilə görüşündə Azərbaycanın hər zaman sülh istədiyini, ancaq bu sülhün və təhlükəsizliyimizin təminatının güclü Azərbaycan dövləti və onun güclü ordusu olduğunu xüsusi olaraq vurğuladı. Dövlət başçısı Silahlı Qüvvələrimizin hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyində olduğunu, İkinci Qarabağ müharibəsindən sonra hərbi gücümüzün daha da artdığını, yeni komando qüvvələrimizin yaradıldığını və yeni pilotsuz uçuş aparatlarının, yeni artilleriya sistemlərinin və döyüş təyyarələrinin alındığını bəyan etdi və anti-Azərbaycan qüvvələrinə də xəbərdarlıq etdi: “əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq”. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq.

Vasif Qafarov
Milli Məclisin deputatı

 

 

Seçilən
38
1
moderator.az

2Mənbələr