ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 avqust, AZƏRTAC
Son illərdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətləri arasında mütəmadi şəkildə həyata keçirilən qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin Türkmənistana səfəri Türk dünyası ölkələri ilə əməkdaşlıq formatının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşlərin həm təkbətək, həm də geniş tərkibli formatda həyata keçirilməsi xüsusi diqqət çəkdi. Bu, qarşılıqlı dialoqun yalnız ikitərəfli deyil, həm də daha geniş maraqlara xidmət etdiyini bir daha təsdiqləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.
O bildirib ki, Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksəksəviyyəli görüş Xəzər və Mərkəzi Asiya bölgələrində yeni siyasi və iqtisadi koordinasiya mərkəzinin formalaşdığını göstərir. Enerji resurslarının daşınması, nəqliyyat-kommunikasiya şəbəkələrinin inkişafı, həmçinin regional təhlükəsizlik məsələləri bu platformada əsas prioritetlərdən biridir. İmzalanan sənədlər isə tərəflərin əməkdaşlıqla bağlı konkret hüquqi baza yaratmağa çalışdıqlarını ortaya qoydu.
Görüşdə qəbul edilən qərarlardan da görünür ki, onlar yalnız protokol xarakterli deyil, eyni zamanda, regionun gələcək inteqrasiyası üçün siyasi iradə formalaşdırmaq məqsədi daşıyır.
"Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından Prezident İlham Əliyevə “Axaltəkə” atının hədiyyə olunması isə münasibətlərin dostluq və qarşılıqlı etimad müstəvisində inkişaf etməsinin təzahürüdür.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar mövqeyini qoruyur, xüsusilə Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq formatları quraraq enerji, nəqliyyat və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Nəticə etibarilə görüşün məzmunu həm regional sabitliyə, həm də qlobal nəqliyyat və enerji xəritəsinə mühüm təsir göstərə biləcək addım kimi dəyərləndirilə bilər”, - deyə politoloq əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.