İsrailin Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Kabineti avqustun 26-da keçiriləcək iclasında Qəzza şəhərinin ələ keçirilməsi planına baxacaq.
“Report” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, məhdud saylı nazirlərdən ibarət Kabinetdə üzvlərdən Qəzza şəhərində əməliyyat planının təsdiqlənməsi üçün səsvermə tələb olunacaq. Bundan əlavə, görüşdə radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə dair razılaşma üzrə danışıqların gedişi ilə bağlı yeni məlumatlar təqdim olunacaq.
İsrailin baş naziri Benyamin Netanyahu avqustun 21-də Qəzza zolağına səfəri zamanı bildirib ki, onun məqsədi Ordunun Qəzza şəhərini ələ keçirmək planını təsdiqləməkdir. Bundan əlavə, o, bütün girovların azad edilməsi və "İsrail üçün məqbul şərtlərlə müharibənin dayandırılması" ilə bağlı dərhal danışıqlara başlamağı tapşırdığını bildirib. Baş nazirin sözlərinə görə, bu iki vəzifə - HƏMAS-ın məğlubiyyəti və bütün girovların azad edilməsi paralel həyata keçiriləcək.