AZ

"Qara dəliklər" qaranlıq enerjinin mənbəyi ola bilər

Fiziklər tərəfindən aparılan yeni araşdırma kainatın genişlənməsini sürətləndirən sirli qüvvənin — qaranlıq enerjinin mənşəyi ilə bağlı mövcud nəzəriyyələri dəyişə bilər. Physical Review Letters jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, "qara dəliklər" qaranlıq enerjinin yaranmasında əsas rol oynaya bilər.

Qaranlıq enerji uzun illərdir ki, kosmologiyanın ən müəmmalı anlayışlarından biri olaraq qalır. Alimlər ABŞ-da yerləşən Kitt-Pik Milli Rəsədxanasında quraşdırılmış DESI cihazının məlumatlarından istifadə edərək "qara dəliklər"in ölmüş ulduzların maddəsini qaranlıq enerjiyə çevirməsi nəzəriyyəsini yoxlayıblar.

Bu nəzəriyyə — kosmoloji əlaqəli qara dəliklər hipotezi (CCBH) — qaranlıq enerjinin spontan şəkildə deyil, Böyük Partlayışdan sonra ulduzların yaranması və ölümü ilə zamanla yığıldığını iddia edir.

DESI cihazından əldə olunan məlumatlar göstərir ki, qaranlıq enerjinin gücü zamanla dəyişir. Bu isə indiyədək qəbul edilmiş ΛCDM standart kosmoloji modelinə ziddir. Əgər CCBH hipotezi təsdiqlənərsə, bu, Habl sabitinin — kainatın genişlənmə sürətinin — niyə dəyişdiyini izah edə bilər.

Tədqiqat, həmçinin kainatın enerji balansında maddənin miqdarının azalması ilə genişlənmənin sürətlənməsi arasında əlaqə qurur. Maddə cazibə qüvvəsi ilə genişlənməni ləngidir, qaranlıq enerji isə onu sürətləndirir. "Qara dəliklər" vasitəsilə maddənin qaranlıq enerjiyə çevrilməsi bu balanssızlığı izah edə bilər.

Yeni ulduzların yaranma sürəti Hubble və Webb teleskopları ilə dəfələrlə müşahidə olunub və bu, qaranlıq enerjinin yaranma sürəti ilə üst-üstə düşür. Bundan əlavə, DESI cihazının məlumatları ilə neytrino hissəcikləri üzərində aparılan eksperimentlər arasında əvvəllər mövcud olan ziddiyyətlər də bu modellə aradan qalxır.

Alimlər bildirirlər ki, "qara dəliklər"in qaranlıq enerjinin mənbəyi olması nəzəriyyəsi ümidvericidir. Lakin bu hipotezin tam təsdiqlənməsi üçün daha çox müşahidəyə və dəqiq məlumatlara ehtiyac var.

Əgər bu nəzəriyyə təsdiqlənsə, müasir astrofizikada inqilabi dönüş nöqtəsi ola və kainatın təkamülünə dair anlayışlarımızı kökündən dəyişə bilər.

S.ELAY

XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr