AZ

Naxçıvanda fermerlərə payızlıq əkin üçün 320 ton taxıl toxumu alınır

Naxçıvan, 25 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerləri payızlıq əkinlər üçün toxumla təmin etmək məqsədilə 320 ton taxıl toxumu alır. Bunun üçün "Naxçıvan Aqroservis" xətti ilə 200 ton buğda, “Naxçıvan Toxumçuluq" xətti ilə 120 ton buğda və arpa toxumu alınması nəzərdə tutulub.

Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvanda 17 min hektara yaxın sahədə payızlıq əkinlər aparılır. Alınan toxumlar fermerlərin Naxçıvanın iqliminə uyğun olan, yüksək reproduksiyalı və məhsuldar toxuma olan tələbatının müəyyən hissəsini qarşılamağa imkan verəcək.

“Fermerlər bir çox halda öz əkinlərindən saxladıqları toxumları əkirlər ki, bu da aşağı məhsuldarlığa, su və vəsait itkisinə səbəb olur. Toxum alınması ilə yanaşı, biz hazırda toxumçuluğun inkişafı, Naxçıvanın iqliminə və suvarma imkanlarına uyğun toxumların yetişdirilməsi və toxumçuların formalaşması istiqamətində iş aparırıq. Yerli fermerlər arasında toxumçuların yetişməsi bölgənin iqliminə uyğun, ənənəvi məhsulların yüksək reproduksiyalı toxumlarının əldə edilməsinə imkan verəcək,” - deyə nazirliyin mətbuat xidməti əlavə edib.

 

Seçilən
27
8
azertag.az

9Mənbələr