ABŞ Prezidenti Donald Tramp NBC və ABC telekanallarını tənqid edib. Tramp onları “tarixin ən pis və ən qərəzli iki telekanalı” adlandırıb.
APA xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.
Tramp bildirib ki, o, Federal Rabitə Komissiyasının (FCC) telekanallarının lisenziyalarını ləğv etmək qərarını dəstəkləyəcək.
“Nə üçün dünyanın hər yerində mütləq ən pis və ən qərəzli şəbəkələrdən olan ABC və NBC-nin saxta xəbərlərinə görə lisenziyalar üçün il ərzində milyonlarla dollar ödəmirlər? Respublikaçılar və yaxud Mühafizəkarlar haqqında ədalətsiz işıqlandırmaya görə lisenziyalarını itirməlidirlər, lakin ən azı, istənilən vaxt istənilən yerdə ən qiymətli efirlərdən istifadə etmək imtiyazına sahib olduqları üçün böyük pul ödəməlidirlər!!! Qanunsuz “jurnalistika” mükafatlandırılmamalı, ona son qoyulmalıdır!!!”, - ABŞ lideri qeyd edib.