Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 30-31-də Göygöl rayonunun Keşkü kəndində “II Moruq Festivalı” keçiriləcək. Festival Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi (KTN), Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Xanni-2017” MMC və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə reallaşacaq.
KTN-dən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun təbiətinin unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı, sənətkarların hazırladıqları əl işlərinin sərgi-satış yarmarkası təşkil ediləcək. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların, xüsusi kampinq zonasının təşkili nümayişi nəzərdə tutulub.
Həftəsonu hər gün saat 10:00-dan 21:00-dək festivalın ərazisi müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsi, açıq havada konsert proqramı, idmançıların nümunəvi çıxışlarını izləyə biləcəklər.
Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.
Festivalı hər gün minlərlə insanın ziyarət edəcəyi proqnozlaşdırılır.