AZ

Deputat: “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik və sığorta məsələləri ciddi problemlidir

Deputat:
Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində yenidən yanğın hadisəsi baş verib. Bu, son 8 ildə ticarət mərkəzində baş verən 10-cu belə hadisədir. 1news.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, inkişaf etmiş ölkələrdə belə hallarda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilir: “Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. Azərbaycanda da sahibkarlar əmlakın icbari və könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi sahibkarlar öz obyektlərini və mallarını sığortalamaq istəsələr belə, buna nail ola bilmirlər. Çünki sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq əksər mağazaları sığortalamaqdan imtina edirlər”, – deyə deputat qeyd edib. V. Bayramov əlavə edib ki, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdırır: “Heç bir sığorta şirkəti yüksək risk daşıyan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaq. Belə obyektlərin sığortalanması üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy və sənədin alınması vacibdir. Əks halda, hər il yanğın baş verən ticarət mərkəzində əmlakların sığortalanması mümkün olmayacaq”. Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq, “Sədərək” Ticarət Mərkəzində sığorta münasibətlərinin tətbiqinə ehtiyac var:

“Bu, sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən qarşılanması baxımından vacibdir. Amma bunun üçün texniki təhlükəsizlik qaydaları tam təmin edilməlidir. Əks halda, sığorta şirkətləri bu riskli obyektlərlə işləməkdə maraqlı olmayacaqlar və sahibkarların yanğın nəticəsində dəyən ziyanı sığorta ilə qarşılanmayacaq. Sahibkarların aylıq ödənişləri də az deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsinə yönəldilməsinə ehtiyac var. Əks halda, sığorta şirkətləri belə mərkəzlərdən yan keçməyə davam edəcəklər”, – deputat vurğulayıb.

Seçilən
12
42
1news.az

10Mənbələr