AZ

"Ukraynalılar var və həmişə bu torpaqda olacaq" - Zelenski

 
"Ukrayna xalqının sınmaz ruhu və cəsarəti bütün dünyaya ilham verir..."
 
Ukrayna bu il də 24 avqust - Müstəqillik Gününü müharibə şəraitində qeyd edib. Rəsmi mərasimlər, dövlət başçılarının çıxışları və xarici qonaqların iştirakı ilə müşayiət olunan bayram ölkənin mübariz ruhunu, sarsılmazlığını və beynəlxalq dəstəyini bir daha ortaya qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
 
"Ukraynalılar var və olacaq"
 
Prezident Vladimir Zelenski Kiyevin Müstəqillik meydanında xalq qarşısında çıxış edərək Ukraynanın gələcəyinə inamını vurğulayıb: "Biz elə bir Ukrayna qururuq ki, gücü və iradəsi ilə özünü qoruyacaq, sülh içində yaşayacaq. Düşmən hər gün deyir ki, belə dövlət yoxdur. Biz isə hər gün sübut edirik: Ukraynalılar var və həmişə bu torpaqda olacaq".
 
O, qeyd edib ki, bu gün müstəqillik cəbhədə möhkəmlənir, hərbi zavodlarda, xəstəxanalarda, yanğınların söndürülməsində, səmanın qorunmasında yaşadılır. Zelenski həmçinin vurğulayıb ki, Ukraynanın gələcəyi yalnız ukraynalıların öz əllərindədir və dünya artıq bunu qəbul edir: "ABŞ və Avropa etiraf edir: Ukrayna hələ qələbə çalmasa da, artıq heç vaxt məğlub olmayacaq".
 
"Müstəqillik hədiyyə edilmir, uğrunda döyüşülür"
 
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskı da xalqa müraciət edib. O, bu günü "əzəli düşmənlə döyüş içində" qarşıladıqlarını xatırladaraq deyib: "On iki ildir azadlığımız uğrunda vuruşuruq, dörd ildir isə genişmiqyaslı işğala qarşı dayanırıq. Ukrayna xalqı heç vaxt təslim olmayacaq. Müstəqillik verilmir - o, güclülərin qanı və əzmi ilə qazanılır".
 
Sırskı əlavə edib ki, əsl müstəqilliyin təminatı güclü və müasir ordudur. O, hər bir əsgərə minnətdarlığını bildirərək "Ukraynanın ən böyük zəmanəti bizim əsgərlərimizdir. Onlar azadlığımız uğrunda ən yüksək qiyməti ödəyirlər", - o, deyib.
 
Tramp Ukraynanın ruhunu alqışlayıb
 
ABŞ prezidenti Donald Tramp da Ukraynanı təbrik edərək xalqa ünvanladığı mesajında ölkənin sarsılmaz iradəsini yüksək qiymətləndirib: "Ukrayna xalqının sınmaz ruhu və cəsarəti bütün dünyaya ilham verir. ABŞ sizin mübarizənizə, qurbanlarınıza hörmətlə yanaşır və gələcəyinizə inanır. İndi mənasız qətllərə son qoyulmasının və danışıqlar əsasında ədalətli sülh əldə edilməsinin vaxtıdır".
 
Prezident Zelenski Trampa təşəkkür edərək bildirib ki, ABŞ Ukraynanın yanında durmaqla onun ən böyük dəyəri - müstəqillik və azadlığı qorumağa yardım edir.
 
Kiyevdə beynəlxalq həmrəylik: Kelloq və digər qonaqlar
 
Bayram günündə ABŞ prezidentinin xüsusi nümayəndəsi, general Kit Kelloq Kiyevə gəlib. Zelenski onu "Xidmətlərə görə" ordeni ilə təltif edərək Ukraynaya dəstəyinə görə minnətdarlıq edib. Kelloqla yanaşı Kanadanın yeni baş naziri Mark Karni də ilk dəfə Ukraynaya səfər edib.
 
Onunla bərabər İsveç, Danimarka, Rumıniya, Litva, Latviya, Kanada müdafiə nazirləri və Britaniyanın veteranlar naziri də mərasimdə iştirak edib. Zelenski beynəlxalq qonaqlara üz tutaraq deyib: "Bu, bizim üçün şərəfdir. Siz Ukraynanın yanında olduğunuzu göstərirsiniz. Dəstəyiniz üçün təşəkkür edirəm".
 
Müharibə şəraitində möhkəmlənən dövlətçilik
 
Ukraynanın 34-cü Müstəqillik Günü ölkənin hələ də müharibə şəraitində olduğunu bir daha göstərdi. Amma həm prezidentin, həm Baş komandanın, həm də beynəlxalq liderlərin sözlərində bir ortaq fikir vardı - Ukraynanın müstəqilliyi artıq geri dönməz reallıqdır. Bayram bu dəfə qələbə paradı ilə deyil, mübariz ruh və beynəlxalq həmrəylik nümayişi ilə tarixə düşdü.
Seçilən
37
50
moderator.az

10Mənbələr