AZ

Üç üstünlük, üç risk: Azərbaycanın sülh gündəliyi

“Azərbaycan və Ermənistan arasında sülh sazişi gündəmə gəldikcə, çox vaxt ümumi şüarlar səslənir. Amma məsələyə konkret politoloji prizmadan baxanda, bu sənədin imzalanması Azərbaycanın qarşısında açacaq üç strateji üstünlük aydın görünür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq üç əsas strateji məqama toxunub:

“Birincisi, regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsidir. Sülh sazişi Azərbaycan üçün uzunmüddətli hərbi riskləri minimuma endirəcək. Qarabağ məsələsinin tam həlli ilə ölkəmiz cəbhə xəttində daimi gərginlikdən azad olur, sərhəd xəttində hərbi insidentlərin azalması isə iqtisadi və sosial inkişafın sürətlənməsi üçün yeni zəmin yaradır.

İkincisi, nəqliyyat və kommunikasiya imkanlarının açılmasıdır. Saziş imzalanarsa, Zəngəzur dəhlizi də daxil olmaqla, regiondakı nəqliyyat layihələri real mərhələyə qədəm qoya bilər. Bu isə Azərbaycanın tranzit ölkə statusunu gücləndirəcək, Orta Dəhlizin əhəmiyyətini artıracaq və dövlətimizin enerji, logistika, ticarət sahəsində nüfuzunu daha da möhkəmləndirəcək.

Üçüncüsü, beynəlxalq mövqelərin möhkəmlənməsidir. Sülh sazişinin imzalanması Azərbaycanın regionda stabil və etibarlı tərəfdaş imicini gücləndirəcək. Bu həm Avropa İttifaqı, həm də Asiya bazarları üçün ölkəmizi daha cəlbedici edəcək, yeni sərmayələrin artmasına gətirib çıxaracaq”.

T. İsmayılov qeyd edib ki, proses uzansa və ya pozularsa, Azərbaycanın qarşısında bir sıra risklər yaranacaq:

“Birincisi, təxribat riskləridir. Ermənistan sülhdən yayınarsa, sərhəddə insidentlərin artması, yeni gərginlik ocaqlarının yaranması mümkündür. Bu da əlavə hərbi resursların ayrılmasına gətirib çıxaracaq.

İkincisi, regional layihələrin ləngiməsidir. Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılmaması Azərbaycanın geoiqtisadi üstünlüklərinin gecikməsi deməkdir. Orta Dəhlizdə vaxt amili çox önəmlidir, hər gecikmə rəqabətdə üstünlüyü zəiflədə bilər.

Üçüncüsü, diplomatik mühitdə təzyiqlərin artmasıdır. Prosesin uzanması Qərbin və Rusiyanın regiondakı maraqlarını toqquşdura, Azərbaycanın isə diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər. Belə olan halda, ölkəmiz hər dəfə vasitəçilərin təzyiqlərinə məruz qalır.

Nəticə olaraq, Azərbaycanın strateji maraqları sülh sazişinin imzalanmasını tələb edir. Bu sənəd həm regional sabitliyi, həm iqtisadi üstünlükləri, həm də beynəlxalq imicimizi gücləndirəcək. Uzunmüddətli perspektivdə isə sülh təkcə Azərbaycan üçün yox, bütün region üçün qaçılmaz tarixi zərurətdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr