Şamaxı, 25 avqust, AZƏRTAC
Şamaxı artıq iqlim icmasının dilində, narrativində və yaddaşında yaşayır. Çünki komandamız artıq iki ildir ki, burada Şamaxı “retreat”ini həyata keçirir. İndi burada, gənclərin, müəllimlərin və gənclik ruhunun bu mühüm təşəbbüsə qoşularaq Şamaxıda bu gənclər düşərgəsini keçirməsi çox sevindiricidir. Bu, COP29-un gözəl irsidir və bu gün burada olmaq əsl xoşbəxtlikdir.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai avqustun 25-də Şamaxıda keçirilən COP29 İqlim Dəyişikliyi üzrə yay düşərgəsinin açılış mərasimində deyib.
“Yalnız bir neçə ay əvvəl biz bütün dünya icmasını Bakıda COP29 çərçivəsində qəbul etdik. COP29 iqlim maliyyəsi, Paris Sazişinin 6-cı Maddəsi və digər bir çox mühüm qərarlarla yadda qaldı.
İqlim dəyişikliyi ilə bağlı riskləri dərk edən tərəflərin və qeyri-dövlət iştirakçılarının bir araya gələrək maliyyələşdirmə məsələlərində razılığa gəlməsi çox önəmli idi. Eyni zamanda, özəl sektor, vətəndaş cəmiyyəti, akademik qurumlar, şəhərlər və digər tərəfdaşların bu prosesdə dövlətləri dəstəkləməsi də olduqca dəyərli idi. Bu, asan iş deyil. İqlim dəyişikliyi bizim qarşılaşdığımız ən böyük riskdir və biz bu çətinliyi yalnız birlikdə aşmalıyıq.
Həmçinin gənclərin də bu prosesə fəal qoşulduğunu görmək çox xoş idi. Bu fürsətdən istifadə edərək, göstərdiyi təşəbbüs və liderliyə görə Leyla Həsənovaya səmimi təşəkkürümü bildirirəm. Bildiyimə görə, gənclər üzrə iqlim səfiri rolu artıq iki ildir ki, mövcuddur və Leylanın bu müddətdə göstərdiyi fəaliyyət böyük nümunədir. COP29-da gənclərin bir araya gələrək öz hüquqlarını tələb etməsi, iqlim böhranına qarşı təcili tədbirlər çağırışları etməsi bizi çox sevindirdi. Biz məhz belə bir fəal gənclik görmək istəyirik.
Bu, bizim birlikdə formalaşdırmağa çalışdığımız gələcəkdir. Gənc nəsil bu gələcəyi qurur. İqlim dəyişikliyi dünyanın hər bir bölgəsində hiss olunur. Bəli, bu təsirləri hər yerdə eyni dərəcədə hiss etmirik, lakin bəzi regionlar bu böhrandan daha ciddi şəkildə zərər çəkir. Kiçik ada dövlətlərindən gələn nümayəndələrin hər dəfə “Bura gəldiyimizdə bilmirik ki, geri dönəndə vətənimizi hələ də görəcəyikmi, çünki okeanın səviyyəsi sürətlə qalxır” deməsi bu böhranın nə qədər real və ciddi olduğunu göstərir. Bizim regionda da Xəzər dənizindəki dəyişikliklərə və kənd təsərrüfatındakı təsirlərə nəzər saldıqda bunu aydın görə bilirik.
Buna görə də bu çətinliklə mübarizədə əməkdaşlıq yeganə çıxış yoludur. Lakin ən güclü alətimiz təhsildir. Təhsil bizə gələcəyimizi formalaşdırmaq üçün sistem, mexanizm təqdim edir. Mən dünyanın müxtəlif yerlərindən olan insanlarla söhbət etdikcə bir daha əmin oluram ki, təhsil sistemi dəyişməlidir. Əmək bazarı dəyişir. Biz sual verməliyik: Təhsil sistemimiz gələcəyin əmək bazarının tələblərinə cavab verirmi?
Burada iki, hətta beş gün olacağınızı bilirəm. Bu müddətdə çox maraqlı müzakirələriniz olacaq. Sizdən xahiş edirəm ki, bu müzakirələrdə əmək bazarının yeni tələblərini də nəzərdən keçirin. Bizə yeni bacarıqlar lazımdır. Çünki bəzi ənənəvi peşələr artıq azalır, bəziləri isə tamamilə yoxa çıxır. Süni intellekt həyatımızın bir parçasına çevrildikcə, bu dəyişikliyi daha aydın görürük.
Bizim müzakirə etdiyimiz və özəl sektora ötürməyə çalışdığımız əsas mesaj budur: Yaşıl keçid yalnız çətinliklər deyil, həm də yeni imkanlar gətirir. Bu proses əlbəttə ki, asan deyil – xüsusilə də özəl sektor üçün. Onlar yeni texnologiyalar, yeni həllər və investisiyalar təqdim etməlidirlər. Amma bu, həm də yeni imkanlar deməkdir. Bu imkanlar isə yeni iş yerləri, yeni bacarıqlar deməkdir. Buna görə də, dəyərli müəllimlər, xahiş edirəm ki, gələcək nəsillərə öyrətməli olduğumuz yeni bacarıqlar barədə düşünək.
Zaman dəyişib, çətinliklər çoxdur, iqlim böhranı reallıqdır. Amma bizdə çox parlaq gənclər var və onların səsini eşitmək çox önəmlidir. Onlar bizə yaxınlaşıb soruşanda: “İqlim fəaliyyəti üçün nə edirsiniz?” – bu, bizi daha çox addım atmağa sövq edir. Bizə təhsil, səlahiyyətləndirmə və gənclərin qərar qəbuletmə prosesinə cəlb olunması lazımdır.
COP29 inklüziv bir tədbir oldu. Burada dövlət qurumları ilə yanaşı, bütün qeyri-dövlət aktorları da iştirak etdi. Gənclərin güclü səsləri eşidildi. Biz istəyirik ki, bu proses davam etsin, çünki bu, qoyduğumuz irsdir.
Xahiş edirəm ki, müzakirələr zamanı tənqidi düşüncəyə üstünlük verin. Çünki iqlim təhsili yalnız faktları və elmi öyrətmək deyil, həm də tənqidi düşüncəni inkişaf etdirməkdir.
Sentyabrın sonuna qədər ikinci Bakı İqlim Fəaliyyəti Həftəsini keçirəcəyik. Bu həftə dövlət və qeyri-dövlət iştirakçılarının, regional tərəfdaşların iqlim gündəminə qoşulması üçün yeni bir platforma olacaq. Bu istiqamətdə xüsusi diqqət gənclərə yönəldiləcək”, - deyə Nigar Arpadarai yekunlaşdırıb.