2025-ci ilin yanvar-iyul ayları ərzində işəgötürənlər sosial xarakterli ödənişlər olan 200 min manatadək vəsaitin işçilərə ödənilməsini gecikdirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, görülən tədbirlər nəticəsində işəgötürənlər həmin vəsaiti işçilərə ödəyib. Sözügedən vəsaitin 87 faizi əməkhaqlarından, qalan hissəsi də işəgötürənlərin ödəməli olduğu müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Həmçinin bu ilin yeddi ayı ərzində Xidmətə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı 408 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və onların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.