AZ

Prezident dövlət maliyyəsi ilə bağlı yeni fərman imzaladı

Prezident dövlət maliyyəsi ilə bağlı yeni fərman imzaladı

Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

AFN.az-ın xəbərinə görə, fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır.

Nazirlər Kabineti Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi üçün üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi üç ay müddətində aşağıdakılarla bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- Ölkə qanunlarının və Prezident aktlarının təkmilləşdirilməsi;- "Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin əsasnaməsinin layihəsi;- dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydalarının layihəsi;- dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrləri;- dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyətin təkmilləşdirilməsi.

Bundan başqa, Maliyyə Nazirliyi:

- dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirməli və nəticələri barədə rübdə bir dəfə Prezidentə məlumat təqdim etməli,- dövlət orqanlarına, publik hüquqi şəxslərə və digər təşkilatlara ayrılan büdcə vəsaitlərinin, ssudaların, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icrasını təmin etməli,- dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasını aparmalı,- dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələrlə həyata keçirilməsini təşkil etməli,- büdcədənkənar dövlət fondlarının və digər dövlət qurumlarının vəsaitlərinin səmərəli xərclənməsinə nəzarəti gücləndirməli,- dövlət orqanlarının strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını aparmalı və optimallaşdırma tədbirləri görməli,- müxtəlif sahələr üzrə dövlət xərclərinin normativlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması...” fərmanına uyğun tədbirləri həyata keçirməlidir.

Azərbaycan Mərkəzi Bankına isə "Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, fərmandan irəli gələn məsələlərin həlli üçün tədbirlər görməsi tövsiyə edilib.

Seçilən
69
44
afn.az

10Mənbələr