AZ

Putinin yeni kiber imperiyası

Moskvanın qlobal kibertexnologiya ekspansiyası və Qərblə rəqabətdə üstünlük planı...

Foreign Affairs nəşri
Məqalə Avropa Siyasətləri Analizi Mərkəzinin (CEPA) analitikləri Andrey Soldatov və İrina Borogan tərəfindən hazırlanıb.

2024-cü ilin aprel ayının sonunda Rusiya Təhlükəsizlik Şurasının çoxillik rəhbəri Nikolay Patruşev Sankt-Peterburqda Afrikanın, Asiyanın, Latın Amerikasının və Yaxın Şərqin yüksək rütbəli güc strukturları rəhbərləri ilə görüş keçirdi. Müzakirənin gündəliyi suverenlik və informasiya təhlükəsizliyi idi — Kremlin Qərbin izləmə, təsir və müdaxiləsinə qarşı müdafiə vasitəsi kimi təqdim etdiyi kibertexnologiyalar. Lakin Patruşevin daha konkret mesajı vardı. Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin də iştirakı ilə Patruşev elan etdi ki, Rusiyanın aparıcı kibertəhlükəsizlik şirkətləri həmin hökumətlərə milli informasiya məkanlarını nəzarət altına almaqda kömək edə bilərlər.

Bu tədbir ABŞAvropada demək olar ki, diqqətdən kənarda qaldı. Çünki bir neçə gün əvvəl ABŞ Konqresi Ukraynaya 60 milyard dollarlıq yardım paketini təsdiqləmiş, Avropa isə Rusiyaya qarşı 14-cü sanksiyalar paketini hazırlayırdı. Lakin dünyanın bir çox başqa hökumətləri bu görüşə diqqət yetirdi. İştirakçıların tam siyahısı açıqlanmasa da, onların arasında Braziliya, Sudan, Tailand və Uqanda kimi ölkələrin milli təhlükəsizlik müşavirləri, təhlükəsizlik şuralarının rəhbərləri, xüsusi xidmət orqanlarının başçıları; Rusiyanın yaxın müttəfiqləri Çin və İran, həmçinin Ərəb Dövlətləri Liqası vardı.

Bu ölkələrin güc strukturları üçün Patruşevin mesajı cəlbedici idi: Rusiya uzun müddətdir ki, kibertexnologiyalarda güclüdür və onlar Moskvanın resurslarının milli rəqəmsal infrastrukturun müdafiəsi üçün faydalı ola biləcəyini anlayırdılar. Onların bəziləri son 20 ildə baş vermiş “tvitter inqilablarının” şahidi olub və Rusiya prezidenti Vladimir Putinin bu proseslərə baxışını bölüşürlər: guya ABŞ sosial şəbəkələri vasitəsilə kütləvi etirazları qızışdırır və çox vaxt sabitliyi pozur. Üstəlik, bu hökumətlərin çoxu Ukrayna müharibəsinə baxmayaraq Moskva ilə işgüzar əlaqələrini davam etdirib və Rusiyanın təsirindən elə də narahat deyil.

Kreml Sovet dövründə olduğu kimi, bu gün də Afrikanı, Yaxın Şərqi, Asiyanın və Latın Amerikasının bəzi bölgələrini Qərblə qlobal qarşıdurmanın əsas meydanları kimi görür. Bu kampaniya Kremlin təsiri altında fəaliyyət göstərən “Vaqner” kimi hərbi strukturların Afrikada genişlənməsini, yumşaq güc siyasətinin fəal istifadəsini — məsələn, Afrikanın onlarla ölkəsində “Rusiya evləri”nin açılmasını — əhatə edir. Xarici İşlər Nazirliyi tərəfindən idarə olunan bu mərkəzlər Kreml təbliğatını yayır, Rusiya diasporu ilə işləyir və tez-tez xüsusi xidmət orqanları əməkdaşları üçün örtük rolunu oynayır — soyuq müharibə dövründən qalma taktika. Bu strategiya həmçinin Moskvanın kəşfiyyat imkanlarını genişləndirməyə yönəlib.

Sankt-Peterburqdakı görüş göstərdi ki, Kreml kommersiya kibertexnologiyalarını bu kampaniyanın vacib tərkib hissəsi hesab edir və onları qlobal maraqlarını irəli aparmaq üçün daha bir alət kimi görür. ABŞAvropa hökumətləri dəfələrlə bəyan ediblər ki, aparıcı rus kibertəhlükəsizlik şirkətləri Kremlin güc strukturları ilə əlaqəlidir. 2021-ci ilin aprelində ABŞ Maliyyə Nazirliyi “Federal Təhlükəsizlik Xidməti (FSB) də daxil olmaqla Rusiya dövlət müştərilərinə dəstək verdiyi” üçün Positive Technologies şirkətinə sanksiya tətbiq etdi və bildirdi ki, şirkət “FSB və GRU üçün kadr toplama tədbiri kimi istifadə olunan iri konfranslar” təşkil edir.

2024-cü ilin iyununda isə ABŞ Kaspersky Lab şirkətinə qarşı sanksiya elan etdi. Səbəb: “Rusiya hərbi və kəşfiyyat strukturları ilə əməkdaşlıq”, hansı ki, ABŞ-ın milli təhlükəsizliyi ilə ziddiyyət təşkil edir. Avropa İttifaqı və bir sıra Avropa dövlətləri də 2022-ci ildən etibarən rus kibers şirkətlərinin bazara çıxışını məhdudlaşdırmaq üçün addımlar atdılar. Məsələn, Positive Technologies artıq Aİ sanksiyaları altındadır; Almaniya, İtaliya və Polşa Kaspersky məhsullarından istifadəyə qadağa və ya məhdudiyyət tətbiq edib. Hər iki şirkət bu ittihamları rədd edir.

Bütün bu Qərb təzyiqlərinə baxmayaraq, Moskva Sankt-Peterburq görüşündən sonra kiber təsirini genişləndirməyə davam edir. Rusiya kibers şirkətləri Afrikada, Mərkəzi Asiyada və Yaxın Şərqdə getdikcə daha güclü texnoloji mövqelər qazanır. Analitiklərin fikrincə, bu müqavilələr Moskvanın Qərb kəşfiyyatının fəaliyyətinin qarşısını almaq imkanlarını artırır.

Son aylarda, Donald Tramp administrasiyasının Rusiyaya qarşı mövqeyi yumşaldıb xarici kiberhədəflərə yönəlmiş resursları azaltması fonunda, Moskvanın bu ekspansiyası demək olar ki, diqqətdən kənarda qalıb. Əgər bu proses nəzarətsiz qalsa, ABŞ və onun müttəfiqləri ciddi strateji məğlubiyyət riski ilə üz-üzə qala bilərlər.

Kibertəhlükəsizlikdə Rusiya izi

Rus kibers şirkətləri qlobal bazara Sovet İttifaqının dağılmasından bir neçə il sonra çıxdılar. Ölkənin güclü texniki təhsil sistemi və hərbi-sənaye kompleksinin çökməsi minlərlə istedadlı mühəndisi kibertəhlükəsizlik bazarına yönəltdi. Onların arasında Kaspersky Lab (1997-ci ildə yaradılıb) xüsusi ilə tanındı. Şirkət inkişaf etmiş antivirus və kibermüdafiə vasitələri hazırladı və 2010-cu ildə ABŞ və İsrail tərəfindən hazırlanmış “Stuxnet” virusunu aşkar etməklə beynəlxalq şöhrət qazandı.

İki onillik ərzində rus kibers şirkətləri əsasən Qərb bazarlarını hədəfləyirdi. Lakin Krımın ilhaqı (2014) və ABŞ prezident seçkilərinə Rusiya müdaxiləsi (2016) fonunda Qərbin təzyiqləri artdı. ABŞ hökuməti 2017-ci ildə federal qurumlara Kaspersky məhsullarını sistemlərindən çıxarmağı əmr etdi. Eyni ildə “The Wall Street Journal” və “The New York Times” yazdı ki, rus hakerlər NSA sənədlərini oğurlamaq üçün Kaspersky proqramından istifadə ediblər. Şirkət ittihamları rədd etdi.

Sonrakı illərdə rus şirkətləri diqqəti ABŞAvropa xaricindəki bazarlara yönəltdi. 2024-cü ildə Sankt-Peterburq görüşündə Kreml açıq şəkildə onlarla ölkəyə öz kibermüdafiə infrastrukturunu, yeddi əsas şirkətin xidmətlərini təklif etdi. Bunlara Positive Technologies, onun törəmə şirkəti Cyberus Foundation, Kaspersky Lab, Angara Security, “Kod Bezopasnosti”, Security Vision və Solar daxil idi.

Bu münasibətlər Moskvanın müştəri ölkələrin rəqəmsal sistemlərinə dərin giriş əldə etməsinə şərait yaradır. Çünki çox vaxt bu ölkələr texnologiyanı idarə etmək üçün Rusiya şirkətlərindən həm texniki, həm də hüquqi dəstək almağa məcbur olurlar.

Qərb ekspertlərinə görə, Putin yenidən texnologiya istehsalçılarını xüsusi xidmət orqanları ilə sıx bağlamağa çalışır. Rusiyada dövlətin kommersiya şirkətlərinə təzyiq nümunələri də var: məsələn, 2016-cı ildə FSB dövlətə xəyanət ittihamı ilə bir neçə yüksəkvəzifəli kiber məmuru, o cümlədən Kaspersky şirkətinin menecerini həbs etdi. Bu, şirkətlərə açıq mesaj idi — dövlətə sədaqət mütləqdir.

Moskvanın yeni bazarları

ABŞAvropa 2022-ci ildən etibarən rus kibers şirkətlərinə qarşı sanksiyaları gücləndirdi. Positive Technologies və Kaspersky Lab ABŞ və Aİ sanksiyaları altındadır. İtaliya və Kanada dövlət qurumlarında bu şirkətlərin məhsullarını qadağan etdi. Group-IB isə beynəlxalq biznesini Rusiyadan ayırmağa məcbur oldu.

Buna baxmayaraq, Rusiya şirkətləri Yaxın Şərq və Afrikada fəallaşır. Positive Technologies 2024-cü ilin dekabrında Qahirədə Mideast Communication Systems ilə müqavilə imzaladı. 2025-ci ilin iyununda isə Cyberus Foundation Qətərin hökmdar ailəsinin nümayəndəsi ilə strateji saziş bağladı. Bundan başqa, Cyberus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə də əməkdaşlıq razılaşması əldə etdi.

Afrikada isə Kaspersky Lab “Smart Africa” təşəbbüsünə qoşuldu və 40 ölkənin rəqəmsal sahədə inteqrasiyasına dəstək verir. Şirkət, həmçinin, 2025-ci ilin fevralında yaradılmış Afrika Kibertəhlükəsizlik Orqanları Şəbəkəsində də iştirak edir.

Gedişdə üstünlük

Bu səssiz, amma gərgin kiber rəqabətdə uduzmaq təhlükəsi böyükdür. Söhbət yalnız hansı şirkətlərin infrastruktur üzərində nəzarət qazanacağından deyil, həm də gələcək kiberspecialistlərin kim tərəfindən hazırlanacağından gedir. Bu isə onların “təhlükə” anlayışını da formalaşdırır. Rusiya və Çin “milli informasiya təhlükəsizliyi”ni çox geniş izah edir və bu anlayışa xarici media fəaliyyətini də daxil edirlər.

Paradox ondadır ki, ABŞAvropanın rus şirkətlərinə qarşı sanksiyaları onların digər regionlarda daha da genişlənməsini sürətləndirdi. ABŞ və müttəfiqlərinin bu təhlükəni kifayət qədər qiymətləndirməməsi uzunmüddətli perspektivdə Putinə böyük üstünlük qazandıra bilər.

Tərcümə Poliqon-a aiddir.

Poliqon.info

Seçilən
138
2
poliqon.info

3Mənbələr