AZ

Avropa ölkəsində qalmaqal: Türkiyə ilə bağlı dosye ayaqyoluda unuduldu

BAKI, 25 avqust. TELEQRAF

İsveç Baş naziri Ulf Kristerssonun Türkiyə ilə NATO danışıqlarından sonra Stokholm hava limanının ayaqyolunda unudulan rəsmi sənədlər ölkədə müzakirələrə səbəb olub.

Teleqraf xəbər verir ki, təmizlik işçisi tərəfindən tapılan dosyedə diplomatik qeydlərin olduğu iddiası ölkədə gündəm mövzusuna çevrilib.

İsveçin NATO-ya üzvlük prosesi ilə əlaqədar məhdud tərkibdə keçirilən görüşlərin təfərrüatları indiyədək açıqlanmayıb. Amma Kristerssonun 2022-ci ilin noyabrında Türkiyəyə səfərindən sonra yoxa çıxan dosyenin bu görüşlərə aid olduğu iddia edilib.

Baş nazirliyin mətbuat xidməti dosyenin bir hava limanında unudulduğunu təsdiqləyib. Açıqlamada sənədlərin məxfilik dərəcəsinə aid edilmədiyi və heç bir təhlükəsizlik araşdırmasına ehtiyac olmadığı bildirilib.

“Dagens Nyheter” qəzeti isə yazıb ki, qovluqda xarici əlaqələr üzrə məxfi sayıla biləcək qeydlər var. Dosyedə danışıqların qeydləri və diplomatik sənədlərin olduğu, amma həssas kəşfiyyat məlumatlarının olmadığı bildirilib.

Dosyenin hava limanında unudulması ilə İsveçin təhlükəsizlik prosedurları yenidən sorğulanıb və dövlət işçilərinin səfərdən sonra taksi əvəzinə ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalması da mübahisələrə səbəb olub.

Qalmaqal Baş nazir Kristersson tərəfindən təyin edilmiş milli təhlükəsizlik müşaviri Henrik Landerholm tərəfindən törədilən təhlükəsizlik pozuntuları ilə daha da artıb. Landerholmun vəzifədə olduğu ilk altı ayda üç dəfə məxfi sənədlərə etinasızlıq göstərdiyi və daha sonra bu səbəbdən məhkəməyə aparıldığı üzə çıxıb.

Seçilən
4
teleqraf.com

1Mənbələr