AZ

Şeyxülislam İranın yeni səfiri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub.

Şeyxülislam yeni səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. QMİ sədri qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə Xankəndidə görüşü böyük əhəmiyyət daşıyan tarixi hadisədir. Bu görüş ölkələrimiz arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.

İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan A.Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfərə getməyi tövsiyə edib.

Səfir M.Dəmirçilu İranda keçiriləcək beynəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim edib, İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbər Mühəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib.

Diplomat COP29 çərçivəsində Bakıda Dini Liderlərin Zirvə görüşünü mühüm tədbir olaraq yüksək dəyərləndirib.

Görüşdə həm dünyada, həm də regionumuzda sülh və əməkdaşlıq mühitinin əhəmiyyəti vurğulanıb, dostluq, qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə səylərin vacibliyi xüsusi olaraq qeyd edilib.

AzPost.az

Seçilən
9
4
azpost.info

5Mənbələr