“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, qəsəbə təmsilçisi səfərdə baş tutmuş bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
Rəşad Sadıqov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk turda ən parlaq oyun nümayiş etdirən komandaya qarşı oynayırdıq. “Qəbələ” “Karvan”la matçda çoxlu qol epizodu yaratmışdı. Komandanın gücünün və istəyinin necə olacağını bilirdik. Uzun fasilədən sonra Premyer Liqada ilk ev oyunları idi. Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. “Qəbələ” hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur. 4 gün sonra “Kəpəz”lə vacib matçımız var. Tez bərpa olub, həmin oyuna köklənməliyik”.
Rəşad Sadıqov Salifu Suma və Rafael Utziqin bu mövsüm heyətdə olmamasının təsirləri barədə suala belə cavab verib:
“Sumanın yerində oynayan Ceyhun bu gün 2 qol vurdu. Junior Martins də yaxşı oyunlarından birini keçirdi. Ümumən onların yoxluğunu mövsüm ərzində hiss edə bilərik. Son dövrlərdə müəyyən transferlər etdik. Amma futbolçularımız hazır deyil. Namiq Ələsgərova, Leroy Mikelsə, Eldar Quliyevə, Yeqor Boqomolskiyə bir az vaxt lazımdır. Gedən oyunçuların yoxluğu avrokuboklarda təbii ki, hiss olunurdu. Çünki bu dəyişikliklər birdən-birə baş verdi”.
Rəşad Sadıqov köməkçi məşqçi Eltun Yaqublu ilə yolların ayrılmasının səbəbini də açıqlayıb:
“Sıradan bir gediş idi. Eltun futbol fəaliyyətini dayandırmaq qərarı qəbul etdi. Ən azından bir ara fasilə verəcək. Uzun zaman sonra nə baş verəcəyini deyə bilmərəm. Yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir”.
Rəşad Sadıqov klubun büdcəsində dəyişiklik edildiyini də vurğulayıb:
“Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil. Büdcəyə uyğun təhlillər aparıb işlərimizi qururuq. Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək”.
“Zamanla daha yaxşı olacağımıza inanıram” – Sxadadze
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik.
Ehtiyat oyunçular skamyamızda kasadlıq var. Bu işlə rəhbərlik məşğul olur. Biz əlimizdə olan heyətlə işləyirik. Əlbəttə, “Zirə” ilə müqayisə etsək, bizim imkanlarımız daha azdır. İstərdik ki, çoxlu oyunçumuz olsun. Sadə oynamalıyıq. Təcrübə qazandıqca hər şey düzələcək. Qolu özümüz yaratdıq”.