AZ

Laçın Şəhəri Günü: Tarixi Zəfərin daha bir simvolu

Üç il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb. Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci il avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.

İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə davamlı səfərləri qayıdış ünvanlarının sayının artmasına xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab İlham Əliyevin Laçına ötən müddət ərzində 8 səfəri olub. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin, eləcə də Laçın Beynəlxalq Hava Limanının açılışını edib. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 2025-ci il mayın 28-də istifadəyə verilib. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Bu ilin mayında gerçəkləşən səfər həm də Laçın şəhərinin  diplomatik mərkəz kimi dünyanın diqqətində olması ilə xarakterizə edilir. Belə ki, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Zirvə görüşü keçirildi. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.  Azərbaycan, Türkiyə və Pakistan Liderləri, eyni zamanda, Laçında təşkil edilən  Müstəqillik Günü ilə bağlı tədbirdə iştirak etdilər, Laçın şəhərində seyrəngahda oldular. Bayram tədbirində dövlətimizin başçısı İlham Əliyev bir daha vurğuladı ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.

Hazırda Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərin, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin tikintisinin nəzərdə tutulması Laçın şəhəri ilə bağlı qarşıda dayanan mühüm işlərdəndir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı da buranı mədəniyyət ocaqlarından birinə çevirib. Həmçinin 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olmuşdur.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Bildirək ki, 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda dönüşünə start verilib. İndiyədək Laçına 936 ailə, ümumilikdə 3 516 nəfər köçürülüb. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Yaxın vaxtlarda Laçın şəhərinə 20 ailə, ilin sonuna qədər isə 40 ailə köçürüləcək.

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
5
ikisahil.az

1Mənbələr