Son beş ildə bir-birinin ardınca Zəfər tarixinə möhtəşəm hadisələr yazan Azərbaycan üç il əvvəl - 2022-ci il avqustun 26-da daha bir sevincli və qürurverici tarixə imza atdı: Azərbaycan Milli Ordusu Laçın şəhərinə yerləşərək Zabux və Sus kəndlərini nəzarətə götürdü. Dağlar diyarında, təbiətin füsunkar və axar-baxarlı bir yerində yerləşən strateji əhəmiyyətə malik daha bir mövqe işğaldan azad olundu, təhlükəli mövqedən azad və sülh nöqtəsinə çevrildi. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal edilərkən 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi və digər infrastruktur obyektləri talan olunaraq məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb. İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi məhv edilib. 240 hektar ərazisi olan Qaragöl Dövlət Təbiət Qoruğu və 20 min hektar ərazisi olan Laçın Dövlət Təbiət Yasaqlığına işğal dövründə çox böyük ziyan vurulub.
Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı Zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.
Prezident İlham Əliyev bu il mayın 27-də Laçında olarkən deyib: “İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu”.
İşğaldan azad olunmuş digər yurd yerləri kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Ötən müddətdə Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin inşası başa çatdırılıb. Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin tikintisi aparılır.
Prezident İlham Əliyev bu il mayın 27-si, 28-si və 29-u Laçında səfərdə olub. Həmin səfər zamanı “LATIFA” Laçın tikiş fabrikinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, rayonun Bəylik kəndinin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyalarının, Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışlarında iştirak edib, Laçın kanat yolunun təməlini qoyub. Bəylik kəndinə köçən sakinlərə evlərin açarları təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.
Həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanışlıq olub. Eləcə də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Onlar 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirak ediblər. Həmin gün hər üç ölkənin liderləri Laçın şəhərində seyrəngahda olublar.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri onu abad və yaraşıqlı bir diyara çevirib. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından biridir. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Zabuxçay su anbarı istifadəyə verilib. Bununla, Zəngilan və Qubadlıda 12 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Prezident İlham Əliyev bu il Laçında olarkən deyib: “Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar”.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
2023-cü il mayın 28-dən başlayaraq Laçın sakinləri öz doğma yurdlarına dönməyə başlayıblar. Laçın şəhəri 571 ailəyə qucaq açıb və 2091 laçınlı öz ev-eşiyinə qayıdıb. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Dövlət Proqramına əsasən, ötən il rayonun Sus kəndinə 59 ailə və 217 sakinin, Zabux kəndinə 217 ailə və 845 sakinin, Bəylik kəndinə 89 ailənin və 363 sakinin köçürülməsi təmin olunub. Ümumilikdə Laçın rayonunda 936 ailə, 3 min 516 nəfər sakinin daimi məskunlaşması təmin edilib. Bu gün laçınlılar Şəhər Gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.
AZƏRTAC