AZ

“Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi yekunlaşdı - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi “Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi çərçivəsində 22 avqust 2025-ci il tarixində Saatlı rayon DAİM-in ofisində dəyirmi masa şəklində yekun tədbir keçirib.

QHT.az xəbər verir ki, layihə rəhbəri V. Quliyev tədbirin açılışını edərək iştirakçıları salamlayıb və layihənin məqsədləri barədə məlumat verib. Layihənin eksperti A. Adilov Sabirabad və Saatlı rayonlarının kəndlərində keçirilən seminarlar barədə tədbir iştirakçılarını məlumatlandırıb, fermerlərin səsləndirdiyi təklifləri müzakirə edərək izahını verib.

Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qərib Novruzlu da çıxış edib. O, müəllifi olduğu 19 növ taxıl sortu barədə məlumat verib. Alim qeyd edib ki, toxum istehsalı iki mərhələdən ibarətdir: ilkin toxumçuluq və sertifikatlı toxum istehsalı. Tədbir iştirakçılarına hər iki mərhələ haqqında geniş məlumat təqdim olunub.

Q. Novruzlu bildirib ki, yüksək məhsuldarlığın əldə olunması yalnız toxumdan asılı deyil. Məhsuldarlığa təsir edən əsas 14 faktor mövcuddur. Bunlara torpağın hazırlanması, qida rejiminin düzgün tənzimlənməsi, sortun düzgün seçilməsi, alaq və xəstəliklərlə mübarizə (əks halda məhsuldarlığın 50%-dək azalması mümkündür), suvarma və digər əlavə amillər daxildir. O, həmçinin Regional Aqrokimya Laboratoriyasının torpaq analizlərinin nəticələrinin fermerlər üçün əhəmiyyətini vurğulayıb və bu nəticələr əsasında hansı sortların əkilməsinin məqsədəuyğun olduğu barədə tövsiyələr verib.

Tədbirin sonunda ictimai birliyin rəhbərliyi kəndlərdə keçirilən görüşlərdə fermerlərin mövcud problemləri əsasında səsləndirdikləri təkliflərin nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq “Təkliflər paketi”nin hazırlanacağını bildirib.

İctimai Birliyin rəhbərliyi və əməkdaşları alim Qərib Novruzluya, DAİM rəhbərliyinə və tədbirdə iştirak edən fermerlərə təşəkkürlərini çatdırıblar.

Seçilən
13
4
qht.az

5Mənbələr