AZ

Azərbaycanın humanizm simvolu - Mehriban Əliyeva

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe, humanitar və sosial təşəbbüsləri, mədəniyyətin inkişafına verdiyi töhfələri ilə o, Azərbaycan cəmiyyətində dərin hörmət və rəğbət qazanıb.

Mehriban Əliyeva illərdir həm dövlətçilikdə, həm də ictimai fəaliyyətində ən həssas sosial təbəqələrin – kimsəsiz uşaqların, şəhid ailələrinin, müharibə əlillərinin, aztəminatlı insanların sosial rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Onun adı ilə bağlı olan layihələr bir çox ailələrə sevinc, bir çox uşaqlara ümid bəxş edib.

Heydər Əliyev Fondu - humanizmin ünvanı

Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müasir Azərbaycanın sosial siyasətinin formalaşmasında Mehriban Əliyevanın xidmətləri böyükdür:

“Mehriban xanımın rəhbərliyi ilə sosial sahədə bir çox layihələr uğurla həyata keçirilib. Heydər Əliyev Fondu Azərbaycanda humanizmin ünvanına çevrildi. Valideyn himayəsindən məhrum uşaqlara qayğı, onların təhsil, məşğulluq və mənzil məsələlərinin həlli daim xüsusi diqqətdədir. Əlilliyi olan uşaqların, o cümlədən daun, autizm sindromlu və talesemiyadan əziyyət çəkənlərin müalicəsi, cəmiyyətə inteqrasiyası Fondun mühüm missiyasına çevrilib”.

Heydər Əliyev Fondunun fəaliyyəti Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda humanizmin əsas ünvanlarından birinə çevrilib. Fondun təşəbbüsü ilə yüzlərlə sosial-humanitar layihə həyata keçirilib: valideyn himayəsindən məhrum uşaqların təhsil və mənzil problemlərinin həlli, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi və cəmiyyətə inteqrasiyası, eləcə də müharibə veteranları və şəhid ailələrinin sosial dəstəklə təmin olunması daim diqqətdə saxlanılıb.

O bildirib ki, Mehriban Əliyevanın xidmətləri bu gün Azərbaycan sosial siyasətinin mühüm dayaqlarından biridir:

“Onun rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində yüzlərlə valideynsiz uşaq təhsil, tərbiyə və məşğulluq imkanları əldə edib. Əlilliyi olan uşaqların müalicəsi, xüsusilə daun, autizm sindromlu və talesemiyalı uşaqlara dəstək proqramları, həmçinin müharibə əlillərinin sosial rifahı hər zaman diqqət mərkəzindədir”.

Təhsil, səhiyyə və mədəniyyətə töhfələr

Mehriban Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən biri də təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirilən layihələrdir. Heydər Əliyev Fondu tərəfindən ölkə üzrə onlarla məktəb və uşaq bağçası tikilib, səhiyyə müəssisələri müasir standartlara uyğunlaşdırılıb. Bu işlər Azərbaycanın müxtəlif bölgələrində gənc nəslin keyfiyyətli təhsil və tibbi xidmətlə təmin olunmasına mühüm töhfə verib.

Musa Quliyev də qeyd edib ki, bu layihələr təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da nüfuz qazanıb:

“Heydər Əliyev Fondu müxtəlif ölkələrdə məktəb, xəstəxana və sosial müəssisələrin tikintisinə imza atıb. Mehriban xanımın humanist təşəbbüsləri Azərbaycanı dünyada xeyirxah layihələrin müəllifi kimi tanıdıb”.

Komitə sədri əlavə edib ki, pandemiya dövründə və müharibədən sonrakı mərhələdə Mehriban Əliyevanın fəaliyyəti daha da ön plana çıxıb:

“Müharibənin ertəsi günündən Mehriban xanım cənab Prezidentlə birlikdə Qarabağ və Şərqi Zəngəzurun rayon və kəndlərini ziyarət etdi, sosial-infrastruktur layihələrin icrasına töhfə verdi. Onun bu humanist missiyası ölkə hüdudlarını aşaraq, İslam dünyasında, türkdilli ölkələrdə də nümunəyə çevrildi. Xaricdə uşaq bağçaları, məktəblər, xəstəxanalar tikilməsi Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilib”.

Müharibədən sonrakı dövrdə şəhid ailələrinin, qazilərin sosial rifahı üçün atılan addımların arxasında da Mehriban Əliyevanın böyük rolu var.

Azərbaycan xalqı ona inanır...

Mehriban Əliyeva həm də ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində önəmli rol oynayıb. UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi o, Azərbaycanın mədəni irsini dünyaya tanıdıb, humanitar diplomatiyanın inkişafına töhfə verib.

Musa Quliyev Mehriban Əliyevanın dövlət idarəçiliyi və qanunvericilik fəaliyyətində də mühüm iz qoyduğunu xatırladıb:

“Millət vəkili olduğu dövrdə onun təşəbbüsü ilə amnistiya aktları qəbul olunub. Əhalinin sağlamlığının qorunması, aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı bir sıra qanunların müəllifi olub. Mehriban xanım Azərbaycanın ilk Birinci vitse-prezidenti olaraq bu vəzifəni yüksək ləyaqətlə icra edir. Həmçinin o, ölkəmizin tarixində ilk dəfə UNESCO və İSESCO-nun xoşməramlı səfiri seçilən şəxsdir. Bu missiya uğurla davam etdirilir”.

Komitə sədri yekunda vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycanın bir çox “ilk”lərinin müəllifi olmaqla yanaşı, dövlət başçısının ən yaxın köməkçisi kimi ölkənin möhkəmlənməsinə böyük töhfə verib:

“Azərbaycan xalqı inanır ki, Mehriban xanım bundan sonra da cənab Prezidentlə çiyin-çiyinə fəaliyyət göstərərək dövlətimizin güclənməsi, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə öz missiyasını davam etdirəcək”.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə humanizm, xeyirxahlıq və dövlətçilik nümunəsi kimi dəyərləndirilir. Onun sosial, humanitar və mədəni təşəbbüsləri Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, dövlətin möhkəmlənməsinə və ölkənin dünyada tanınmasına xidmət edib.

Seçilən
1
1
modern.az

2Mənbələr